Yüksək ixtisaslı kadr potensialının formalaşmasında bir sıra göstəricilərlə yanaşı, təhsil - təcrübənin əhəmiyyəti böyükdür. Ölkəmizin ali məktəbləri içərisində ən cavan təhsil müəssisəsi sayılan Azərbaycan Turizm İnstitutunda da bu amilə xüsusi önəm verilir. ATİ-də 11 ixtisas üzrə təhsil alan tələbələrin əksəriyyəti əsasən Azərbaycanın müxtəlif turizm müəssisələrində təcrübə keçirlər. Tələbələrin bir qismi isə müsahibə yolu ilə təcrübələrini xarici ölkələrin məşhur hotellərində keçmək şansı qazanırlar.
   Son üç ildə İsrailin ölkəmizdəki səfirliyinin dəstəyi ilə gerçəkləşən layihənin məqsədi ATİ-nin tələbələrinə beynəlxalq mehmanxana biznesi üzrə təcrübə toplamağa imkan yaratmaqdır. İnstitutun mətbuat xidmətinin rəhbəri Sədaqət Turabovanın qəzetimizə verdiyi məlumata görə, İsrailin Eylat şəhərində yerləşən «İsrotel» mehmanxanalar şəbəkəsi ilə birgə əməkdaşlıq çərçivəsində ATİ-nin 16 tələbəsi oradakı üç hoteldə 5 aylıq təcrübə kursuna başlayıb: «İldən-ilə İsrailə göndərilən tələbələrin say artımı bu faktı deməyə əsas verir ki, tələbələrimiz davranışları, işə münasibətləri ilə təcrübə keçdikləri müəssisə rəhbərlərinin rəğbətini qazana biliblər. ATİ tələbələri 5 aylıq təcrübə müddətində ixtisaslarına uyğun peşə hazırlığına yiyələnməklə yanaşı, bu ölkənin memarlıq abidələri, həyat tərzi, ənənələri ilə də tanış olmaq imkanı əldə edəcəklər».   

  Fəxriyyə