Fikrət Nuriyev: «Həmkarlar ittifaqlarının turizm təşkilatları bu il daha çoxşaxəli fəaliyyət göstərmək əzmindədir”
   
   Ölkəmizdə turizm fəaliyyəti ilə məşğul olan qurumlardan biri də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Respublika Turizm və Ekskursiyalar Şurasıdır. Vaxtilə geniş və çoxşaxəli fəaliyyət göstərən təşkilatın işi son zamanlar bir qədər zəifləyib. 
      
   Bu da respublikada özəl turizm sektorunun genişlənməsi, yeni turizm qurumlarının yaranması ilə bağlıdır. Mayın 11-də Respublika Turizm və Ekskursiyalar Şurasının yaranmasının 75 ili tamam olur. Yubiley ərəfəsində şuranın sədri Fikrət Nuriyevlə görüşdük. Fikrət müəllim söhbətə qurumun tarixindən başladı:
   - Sovet dövrünün ilk illərində turizmlə məşğul olan əsas iki qurum mövcud idi: Proletar Turizmi Cəmiyyəti və “İnturist” səhmdar cəmiyyəti. Sonralar Proletar Turizmi Cəmiyyəti ləğv olundu və turizm və alpinizm sahəsində işlərə rəhbərlik Ümumittifaq Həmkarlar İttifaqlarının Mərkəzi Şurasına həvalə olundu. Beləliklə, həvəskarlar səviyyəsində olan turizm planlı və mütəşəkkil turizmlə əvəz olundu. Ümumittifaq Həmkarlar İttifaqlarının Mərkəzi Şurası nəzdində Turizm və Ekskursiyalar İdarəsi yaradıldı. Analoji olaraq Azərbaycanda da 1936-cı il mayın 11-də respublika Həmkarlar İttifaqları Şurasının Turizm və Ekskursiyalar İdarəsi yarandı. Bundan sonra həmkarlar turizminin maddi bazası genişləndi. 1950-ci ildə Bakı Turist Bazası, sonralar isə Mingəçevirdə, Hacıkənddə, Zaqatalada, Şuşada, Göygöldə turist bazaları fəaliyyətə başladı. 1962-ci ildə Xaçmaz rayonunun Nabran kəndi yaxınlığında yay mövsümü üçün nəzərdə tutulan, Bakı Turizm Bazasının filialı kimi 150 yerlik “Sputnik” turist düşərgəsi yaradıldı. AHİŞ-nin Turizm və Ekskursiyalar İdarəsi 1969-cu ildən Turizm və Ekskursiyalar Şurası adlanır.
   - Azərbaycanda turizm əsasən nə vaxtdan inkişaf etməyə başlayıb?
   - Ölkəmizdə turizm və ekskursiyaların coğrafiyasının genişlənməsi 1970-1980-ci illərə aid edilir. Respublikamız turizm üçün əlverişli coğrafi şəraitə və geniş potensial imkanlara malik olmasına baxmayaraq, həmin dövrədək Azərbaycan SSRİ məkanında turizm infrastrukturunun zəif inkişaf etdiyi bölgələrdən biri idi. 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilmiş Heydər Əliyevin təşəbbüsü ilə “Ölkədə turizm və ekskursiyaların inkişafı tədbirləri haqqında” qərar qəbul edildi. Qərarda respublikada turizm və ekskursiya işinin inkişafı, kütləvi turizminin təşkili, turist-ekskursiya təşkilatlarının işinin yaxşılaşdırılması və şəbəkənin genişləndirilməsi məsələləri əksini tapmışdı. Azərbaycanın bir çox şəhərlərində turist klubları açıldı və idman turizmi mərkəzlərinə çevrildi. Həmkarlar ittifaqlarının Turizm və Ekskursiyalar Şurası və onun nəzdində fəaliyyət göstərən turist-ekskursiya təşkilatları SSRİ-nin müxtəlif şəhərlərinə və istirahət mərkəzlərinə turist qruplarının göndərilməsi, müttəfiq respublikalardan turist qruplarının qəbulu və xidmət göstərilməsi ilə məşğul olurdu.
   - 90-cı illərin əvvəlində respublika həyatının bir çox sahələrində olduğu kimi, turizm sahəsində durğunluq, böhran oldu. Bu böhran dövründən necə çıxdınız?
   - 1988-ci ildə Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələrlə bağlı Azərbaycana turistlərin axını getdikcə azalmağa başladı. İndiki Ermənistan ərazisində yaşayan həmvətənlərimizin kütləvi surətdə deportasiyası, respublikamızda hökm sürən xaos həmkarlar ittifaqları turizminə də böyük ziyan vurdu. Artıq 1991-ci ildə Azərbaycanda turizm müəssisələrinin əksəriyyəti fəaliyyətini dayandırmışdı. SSRİ-nin süqutu ilə Turizm və Ekskursiyalar Şurasının xətti ilə keçmiş müttəfiq respublikalardan turist qəbulu tamamilə dayandı. Digər tərəfdən, iqtisadi böhran bu sahənin dirçəlişinə imkan vermirdi. 1991-1992-ci illərdə Turizm və Ekskursiyalar Şurası aparatında çalışan əməkdaşların üçdə ikisi ixtisar olundu. Turist bazaları tam fəaliyyətsizlik dövrünü yaşayırdı. Turizmdə əsas gəlir mənbəyi olan gəlmə turizmi yox dərəcəsində olduğu üçün getmə turizmi ilə məşğul olmaq maliyyə baxımından rentabelli deyildi.
   1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə daxilində sabitliyin tədricən bərpa olması, intensiv döyüşlərin dayandırılaraq atəşkəs rejiminin tətbiqi, Bakı şəhərində və bölgələrdə sosial-iqtisadi və siyasi durumun yaxşılaşması, xarici dövlətlərlə siyasi və iqtisadi əlaqələrin artması turizm sahəsində də öz müsbət nəticələrini verməyə başladı. Turizm və Ekskursiyalar Şurası Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə fəaliyyətini yenidən qurdu. Şuranın nəzdində olan bir sıra turist-ekskursiya təşkilatları gəlmə turizmi, avia, avtobus və dəmiryolu ilə getmə turizmi ilə məşğul olmağa başladı. 1995-1996-cı illərdə Polşa, Çexiya, Rusiya, Baltikyanı respublikalar, İran, Türkiyə, Çinlə yanaşı, Suriya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Yunanıstan, Pakistan, Belarus, Ukrayna və digər ölkələrə turist səfərləri təşkil edilirdi. "Bakı-Tur" turizm agentliyi və Bakı Səyahətlər və Ekskursiyalar Bürosunun Azərbaycanın bölgələrində yerləşən ekskursiya büroları ilə sıx əməkdaşlığı nəticəsində müxtəlif rayonların əhalisi də turist səyahətlərində iştirak etmək imkanı qazandılar. Nəticədə şuranın və onun nəzdində fəaliyyət göstərən turist və ekskursiya təşkilatlarının maddi durumu tədricən stabilləşməyə başladı. Azərbaycan həmkarlar ittifaqlarının köməkliyi ilə "Xəzər" və "Dostluq" turist bazalarında bərpa və təmir işləri aparıldı.
   1996-cı ildən büdcə təşkilatlarının işçiləri üzv olduqları həmkarlar ittifaqlarından güzəştli şərtlərlə aldıqları yollayışlarla Nabrandakı "Xəzər" və "Dostluq" turist bazalarında ailəvi istirahət etmək imkanı əldə etdilər. "Xəzər" turist bazasında istifadəyə yararsız olan kotteclər bərpa olundu və lazımi avadanlıqla təchiz edildi.
   Onu da qeyd edim ki, həmin illərdən başlayaraq, bu günədək şuranın nəzdində olan turist bazalarına yollayışlar AHİK-nın üzv təşkilatları olan respublika sahə həmkarlar ittifaqları komitələri tərəfindən işçilərə 85% güzəştli şərtlərlə paylanılır.
   Turist bazalarında istirahət edənlərin sayı ildən-ilə artır. Son illərdə "Xəzər", "Dostluq" turist bazalarında və "Bakı-Tur" icarə müəssisəsində hər il yay mövsümündə 3 mindən çox həmkarlar üzvü ailəvi istirahət edir. Burada əsasən 15-18 günlük yollayışlar üstünlük təşkil edir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2010-cu ildə 3312 nəfər turistə xidmət göstərilib.
   - Turizm və Ekskursiyalar Şurası hazırda hansı istiqamətdə fəaliyyət göstərir?
   - Son illərdə Azərbaycanda turizmin inkişafına dövlət səviyyəsində qayğı göstərilir. Prezident İlham Əliyevin sərəncamı ilə 2007-ci ildə “Azərbaycan kurortları” Dövlət Proqramının qəbul olunmasından sonra Azərbaycanın turizm bölgələrində istirahət və kurort mərkəzlərində bərpa və yenidənqurma işlərinin aparılması, yeni, müasir standartlara cavab verən mərkəzlərin yaradılması geniş vüsət alıb. Həmkarlar ittifaqlarının turizm təşkilatları da yalnız həmkarlar ittifaqı üzvlərinin ailəvi istirahətlərinin təşkili ilə kifayətlənmir, eyni zamanda gəlmə və getmə turizmi ilə də məşğul olur. Şuranın nəzdində fəaliyyət göstərən “Bakı Tur” turizm agentliyi, AHİK-nın Bakı Səyahətlər və Ekskursiyalar Bürosu dünyanın bir çox ölkələrinə turistlərin göndərilməsini və xaricdən turist qəbulunu həyata keçirir. Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə beynəlxalq turizm sərgilərində iştirak edirik. Azərbaycan həmkarlar ittifaqlarının turizm-ekskursiya təşkilatlarının 75 illik yubileyinin “Turizm ili”nə təsadüf etməsi bizim üçün xüsusilə əlamətdardır. Bu ikiqat bayram ovqatı turizm sistemində çalışan əməkdaşlarımızın 2011-ci ildə daha səylə və həvəslə işləməsinə zəmin yaradır. Həmkarlar ittifaqlarının turizm təşkilatları bu il daha çoxşaxəli fəaliyyət göstərmək əzmindədir.
   
    Fəxriyyə Abdullayeva