«Turizm ili» ilə bağlı yeni nəşr hazırlanır
   
   BMT-nin turizm-inkişaf layihəsi çərçivəsində «Turizm ili»ndə bir sıra işlərin görülməsi nəzərdə tutulur. Layihənin milli koordinatoru, turizm üzrə mütəxəssis Faiq Qürbətovun qəzetimizə verdiyi məlumata görə, il ərzində Bakıda və rayonlarda fəaliyyət göstərən turizm-informasiya mərkəzlərinin əməkdaşları üçün onların bilik və təcrübələrini artırmaq məqsədilə keçirilən treninq-kursların təşkili davam edəcək. Eyni zamanda Azərbaycanın turizm sektorunda çalışanlar üçün «Turmarketinq» adlı bülletenin ikinci variantı hazırlanır: «Bundan əlavə, «Turizm ili» ilə bağlı yeni kitabın nəşr edilməsini planlaşdırırıq. İlin sonunda bir neçə tədbirin keçirilməsini də nəzərdə tuturuq. Bu da əsasən regionlarda turizm sahibkarlığı ilə məşğul olan insanlar üçün treninqlərin keçirilməsi ilə bağlıdır. Kurslar biznes-planın hazırlanması, turizm sektorunda əməkdaşlığın qurulması və s. istiqamətdə olacaq».
   F.Qürbətov qeyd etdi ki, regionlarda fəaliyyət göstərən mehmanxana və digər turizm müəssisələrinin əməkdaşlarının əksəriyyəti turizm mövsümü bitdikdən sonra həmin obyektlərdə çalışmırlar. Bu üzdən onların treninqlərdə iştirak etməyə marağı azdır: “Digər tərəfdən isə bu treninqlər mövsümün əvvəlinə təsadüf etdiyindən onların başı hazırlıq işlərinə qarışır”.
   Mütəxəssisin fikrincə, mehmanxana sahiblərinin insanları işə götürən zaman müvafiq sertifikatlar tələb etməsi kurslarda iştirakı stimullaşdırmağa kömək edər: «Xüsusilə hotel sahibləri sertifikatı olan əməkdaşlara daha çox üstünlük verməlidirlər. Belə olduqda əməkdaşlar özləri treninqlərdə iştirak etməyə cəhd edəcək».

   Fəxriyyə Abdullayeva