Müzəffər Ağakərimov: «Xarici mütəxəssislər işə dəvət edildikdə onlarla bağlanan müqavilənin birinci şərti yerli kadrların hazırlanması ilə bağlı olmalıdır»
   
   Azərbaycanda turizm sahəsi inkişaf etdikcə mövcud nöqsanların aradan qaldırılması istiqamətində səylər də artır. Mütəxəssislər tərəfindən müxtəlif tövsiyə və təkliflər verilir, problemlərin həlli yolları araşdırılır. Ölkəmizdə fəaliyyət göstərən hotellərdə də müəyyən problemlər mövcuddur. Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bizimlə söhbətində bu barədə bir sıra məqamlara aydınlıq gətirdi:
   
   - Hotellərin fəaliyyətindəki çatışmazlıqlardan danışanda ilk növbədə kadr problemi qeyd olunur. Əksər hotellərimizdə kadrların seçimi, hazırlığı, yerləşdirilməsi standartlara uyğun deyil. Kadr problemi həll olunarsa, yerdə qalan çatışmazlıqlar da öz həllini tapar. Kadr məsələsini həll etmək üçün Azərbaycanda fəaliyyət göstərən hotellərdə menecmentlik də arzuolunan səviyyədə deyil. Təbii ki, bu bütün hotellərə aid deyil. Amma ümumiyyətlə götürdükdə bu məsələdə narahatlıq doğuran məqamlar var.
   Ötən illərdə də bu məsələlər qaldırılıb. Hotellərdə Azərbaycanı, Bakını təbliğ edən çap məhsulları azdır. Reklam-çap materialları bütün nömrələrdə, vestibüldə qoyulmalıdır. Elə hotellər var ki, onlarda belə çap məhsulları 1-2 nömrəyə qoyulur, vəssalam. Hotellərin restoranlarında milli xörəklərimiz müxtəlif çeşidlərdə hazırlanmalıdır. Turistlər bilməlidir ki, Azərbaycanın milli yeməkləri hansıdır. Mətbəx mədəniyyətimizin bir qoludur. Bu işdə Milli Kulinariya Mərkəzi də onlara öz tövsiyələrini verməlidir. Xüsusilə aparıcı mehmanxanalarda bu istiqamətlərdə vaxtaşırı monitorinqlər keçirilməlidir.
   - Hotellərdə rast gəlinən çatışmazlıqlardan biri kimi də əlavə xidmətlərin azlığı və ya olmaması göstərilir. Bu məsələnin həlli üçün nə etmək lazımdır?
   - Hotellərdə qonaqlar üçün əlavə proqramlar tərtib edilməli, müxtəlif ekskursiyalar, nəqliyyat xidmətləri təklif olunmalıdır. Hotellər özləri bu əlavə xidmətləri tərtib etməli və münasib qiymətlə tənzimləməlidirlər. Dünyanın hər yerində, elə qonşu Türkiyədə hotellərdə bu məsələyə böyük diqqət verilir. Məsələn, Türkiyədə əgər hoteldə qalmaq üçün iki nəfərlik ailə 1200-1300 dollar vəsait sərf edirsə, ən azı 500 dollar da əlavə xidmətlərə xərcləyir. Çünki bu xidmətlərin geniş çeşidi var. Bu baxımdan bizdə də hotellərdə rəngarəng proqramlar tərtib etmək üçün imkanlar var. Bu proqramlarla həm də mədəniyyətimizi, milli adət-ənənələrimizi qonaqlara təbliğ edə bilərik. Turizm sahəsində əcnəbi qonağın aldığı təəssürat olduqca mühüm məsələdir. Qonaq buradan apardığı təəssüratı öz ölkəsində dostları, tanışları ilə bölüşür. Deməli, biz də gələn qonaqlarda bu təəssüratın zəngin və maraqlı olmasına nail olmalıyıq.
   - Yenə də məsələ gəlib çıxır bu sahədə peşəkar, hazırlıqlı kadrların üzərinə...
   - Təbii ki, bütün bunların əsasında peşəkar kadr hazırlığı və yüksək səviyyəli xidmət dayanır. Bunun üçün də kadrların hazırlığında həm yerli, həm də xarici mütəxəssislərdən istifadə etmək lazımdır. Əgər 10 milyona hotel tikilirsə, bunun 1 faizini də kadr hazırlığına xərcləmək olar. Bizim təcrübəli yerli mütəxəssislərimiz var. Birincisi, bunlar keçmişdə uzun illər qonaqpərvərlik sənayesində çalışan insanlardır. İkincisi, xaricdə işləyib, hazırda Bakıda fəaliyyət göstərənlərdir. Üçüncüsü isə Azərbaycan Turizm İnstitutunda, respublikanın digər ali məktəblərindəki turizm kafedralarında təhsil alan gənc mütəxəssislərdir. Amma hotellər hələ ki bu məsələdə yerli mütəxəssislərə az üstünlük verirlər. Bəzi hotel sahibləri heç maraqlanmırlar ki, onlara lazım olan kadr Azərbaycanda var, yoxsa yox. Bunu etmədən birbaşa xaricdən mütəxəssis dəvət edirlər. Mən bunun əleyhinə deyiləm, xarici mütəxəssislərdən də istifadə etmək olar. Amma yerli mütəxəssislər hotel sahiblərinə daha az xərc hesabına başa gəlir. Əcnəbi mütəxəssisi buraya gətirib ona nəqliyyat, mənzil təminatı, sığorta pulu və s. vəsait xərcləyincə, bunun beşdə birini elə öz mütəxəssislərimizə vermək olar. Apardığımız monitorinqlərin nəticələrinə əsasən deyə bilərəm ki, Azərbaycan hotellərində yerli mütəxəssislərdən olduqca az istifadə olunur. Digər yandan, xarici mütəxəssislər ölkəyə işə dəvət edildikdə onunla bağlanan müqavilənin birinci şərti yerli mütəxəssislərin hazırlanması ilə bağlı olmalıdır.
   - AZTA-nın hotellərə bu istiqamətdə hər hansı təsir mexanizmi yoxdurmu?
   - Azərbaycan Turizm Assosiasiyası ictimai qurum kimi ancaq tövsiyə verə bilər. Bu istiqamətdə hotellərin baş müdirlərini dəvət etməklə müxtəlif konfranslar keçiririk. Bu toplantılarda məsləhətlərimizi onlara çatdırırıq, müzakirələr aparırıq. Təklif etmişik ki, hotellərin baş müdirlərinin hər biri ayda bir dəfə Turizm İnstitutunda mühazirələr oxusun. Bu zaman onların biliyindən tələbələr yararlanacaq.
   - Hazırda Bakı şəhərində nə qədər turist yerləşdirmə yeri var?
   - Paytaxtda 3873 nömrəsi olan 96 hotel fəaliyyət göstərir. Buraya Sumqayıt və Abşeron yarımadasını da əlavə etsək, 110 hotel və 4231 nömrə fondu yaranır. Onu da qeyd edim ki, yerləşdirmə yerlərindən söhbət getdikdə əsas nömrə fondu götürülür. Çünki gələn qonaqların 90 faizi xaricilərdir. Onlar da həmişə tək qalırlar. Bundan əlavə, bu il Bakıda ümumilikdə 1300 nömrəsi olan 5 beşulduzlu hotelin inşası tamamlanacaq.
   - Bu imkanla 2012-ci ildə «Eurovision»a gələn qonaqları yerləşdirmək mümkün olacaqmı? Bu müsabiqənin Azərbaycanda keçirilməsi ölkəmizin turizm sektorunun inkişafına hansı töhfəni verəcək?
   - Bu müsabiqəyə gələcək qonaqları yerləşdirmək üçün hələlik hotellərdə mövcud nömrə fondu kifayət qədər deyil. Vaxtımız isə çox azdır. Əlavə tədbir kimi, hesab edirəm ki, 2012-ci ilin mayına qədər Abşeron yarımadasında fəaliyyət göstərən sanatoriya-pansionatları bərpa-təmir edib müəyyən səviyyəyə çatdırmaq olar. Müsabiqə zamanı ölkəmizə nə qədər qonağın gələcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Təbii ki, nə qədər çox insan gəlsə, Azərbaycan iqtisadiyyatı da bir o qədər xeyir götürəcək. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, qonaqlara göstərilən yüksək xidmət elə ölkəmizin reklamı deməkdir. «Eurovision» müsabiqəsində qazandığımız uğur ilk növbədə Azərbaycan mədəniyyətinin qələbəsidir. İkinci tərəfdən isə Azərbaycan dövlətinin iqtisadiyyatının və siyasətinin uğurudur. Turizm baxımından isə bu bizə verilən bir hədiyyədir. Biz bu şansdan istifadə edib Azərbaycanda turizm sektorunda mövcud nöqsanların aradan qaldırılması istiqamətində əlimizdən gələni etməliyik. Bunu edə bilsək, Azərbaycan Avropada turizm üzrə aparıcı dövlətlərdən birinə çevrilə bilər. 
   
   Fəxriyyə Abdullayeva