İyunun 2-dən 5-dək Koreya Respublikasının paytaxtı Seulda 24-cü Dünya Səyahət Sərgisi keçirilib. Azərbaycanın Koreya Respublikasındakı səfirliyindən bildiriblər ki, sərgidə müxtəlif dövlətlərin nümayəndələri ilə yanaşı, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin bir sıra turizm təşkilatları “Azərbaycan Respublikası köşkü” ilə təmsil olunublar. Azərbaycan nümayəndə heyəti respublikamızın turizm potensialı haqqında sərgi iştirakçılarına ətraflı məlumat verib, materiallar paylayıb.
   Müxtəlif beynəlxalq sərgilərdə təxribatlarla çıxış edən ermənilər bu dəfə də öz xislətlərindən qalmayıblar. Sərgi zamanı məlum olub ki, Ermənistanı “Armintour” şirkəti səyahət bröşürlərinin birində Ermənistana təşkil edilən turist marşrutlarına Azərbaycanın işğal altındakı Xankəndi və Şuşa şəhərlərinin adlarını da əlavə edib. Məsələ ilə bağlı Azərbaycan səfirliyi tərəfindən dərhal sərginin təşkilat komitəsinə müvafiq müraciət ünvanlayıb. Sərginin təşkilatçısı olan “KOTFA” şirkətinin prezidenti ilə görüş keçirilərək Azərbaycanın işğal edilmiş ərazilərinə turist marşrutlarının təşkilinin beynəlxalq qanuna zidd olduğu vurğulanıb.
   Koreya tərəfi Azərbaycanın mövqeyini anlayışla qarşılayıb və işğal edilmiş ərazilərin səyahət marşrutlarına salınmasının və bunun reklam bröşürləri vasitəsilə yayılmasının yolverilməz olduğu qeyd edilib. Bildirilib ki, erməni tərəfinin hazırladığı bröşürlər Koreya Dünya Səyahət Sərgisindən çıxarılacaq, eləcə də cari ildə Koreya Respublikasında keçirilməsi nəzərdə tutulmuş digər beynəlxalq sərgilərdə paylanmasının qarşısı alınacaq.