İyunun 18-də Bakı-Batumi-Bakı çarter reysləri açılacaq
   
   İyunun 3-də «Qafqaz Point» hotelində Azərbaycanın «NTA travel» və Gürcüstanın «N-tur» şirkətləri ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin və KİV nümayəndələrinin iştirakı ilə təqdimat və seminar keçirdilər. Tədbirdə «Gürcüstanın Qara dəniz sahillərində istirahət» adlı turizm məhsulu haqqında iştirakçılara məlumat verildi.
   
   Qeyd olundu ki, iyunun 18-dən Bakı-Batumi-Bakı birbaşa çarter reysləri açılacaq. Həftədə 4 dəfə - 1, 3, 5 və 6-cı günlər nəzərdə tutulan reyslər «NTA travel» və «N-tur» turizm şirkətlərinin əməkdaşlığı nəticəsində təşkil olunur. Bakı-Batumi-Bakı çarter reysi ilə Gürcüstana gedən turistlər bu ölkənin 5 ulduzlu «Şeraton Batumi» və «Georgiya Palace Hotel Kabuleti», 4 ulduzlu «İnturist Batumi» və «Sanapiro» hotellərində qalacaqlar.
   «NTA travel» turizm şirkətinin rəhbəri Tahirə Quliyeva rəhbərlik etdiyi şirkət və «Gürcüstanın Qara dəniz sahillərində istirahət» turizm məhsulu haqqında məlumat verdi. Onun sözlərinə görə, «NTA travel» həm daxili, həm xarici turizm fəaliyyəti ilə məşğuldur: «Azərbaycanın demək olar ki, bütün regionlarına turist səfərləri təşkil edirik. Bundan əlavə, dünyanın əksər ölkələrinin turizm şirkətləri ilə və aparıcı hotelləri ilə əməkdaşlıq edirik. Bildiyiniz kimi, son illər Gürcüstanda turizm sahəsi sürətlə inkişaf edir. Azərbaycanlı turistlər də bu ölkənin turizm istirahət mərkəzlərində istirahətə üstünlük verirlər. Bu səbəbdən də Bakı-Batumi çarter reyslərini təşkil etməyi qərara aldıq”.
   Uçuşlar iyun ayından sentyabradək davam edəcək. Sentyabrdan sonra isə çarter uçuşları tələbata uyğun olaraq həyata keçiriləcək. Şirkət rəhbəri onu da qeyd etdi ki, Qara dənizin sahilinə yaxın məsafədə yerləşən “Şeraton”, “İnturist” hotellərində “NTA Travel”in bron yerləri mövcuddur: “Bu hotellərdəki xidmət müştərilərimizi də qane edir. Turun qiyməti paket şəklində olacaq. İki nəfər üçün 7 gecə 8 günlük paketlər bütün xidmətlər daxil olmaqla, 750 manatdan başlayır”.
   Tədbirdə o da bildirildi ki, iyunun 18-də Bakı-Batumi ilk çarter reysinin təqdimatı ilə bağlı turizm şirkətləri üçün infotur təşkil ediləcək. İnfoturun qiyməti 4 gecə 5 gün üçün 239 avro müəyyənləşdirilib. İnfotur “NTA Travel”in Gürcüstandakı partnyorları tərəfindən reallaşdırılır.
   Tədbirdə Gürcüstanda fəaliyyət göstərən “N-tur” şirkətinin təmsilçisi Aleksi Terabayer təmsil etdiyi şirkət və «Şeraton Batumi», «Georgiya Palace Hotel Kabuleti», «İnturist Batumi» və «Sanapiro» hotelləri haqqında iştirakçılara məlumat verdi. Qeyd edək ki, uçuşdan asılı olaraq azərbaycanlı turistlərə 1 həftəlik, 10 günlük və 12 günlük turpaketlər təklif edilir.
   
   Fəxriyyə