İyunun 5-də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) şimal-şərq zonası üzrə nümayəndəliyi fəaliyyətə başlayıb. Bu barədə qəzetimizə məlumat verən AZTA sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, nümayəndəlik Quba, Qusar, Xaçmaz rayonlarında və Nabran bölgəsində yerləşən turizm-istirahət mərkəzlərinin fəaliyyətini koordinasiya edəcək.
   
   M.Ağakərimov bildirdi ki, iyunun sonuna qədər Azərbaycanın regionlarında turizmin inkişafını sürətləndirmək və mövcud problemləri vaxtında aşkar edib tədbir görmək məqsədilə ölkəmizin daha iki regionunda nümayəndəliklərinin yaradılması nəzərdə tutulur: «Sonrakı mərhələlərdə şimal-qərb zonasında - Qəbələ və Gəncə şəhərlərində, cənub zonasında isə Lənkəran şəhərində nümayəndəliyimiz fəaliyyətə başlayacaq. Bununla regionlarda fəaliyyət göstərən hotellərin və turizm şirkətlərinin işini bir mərkəzdən koordinasiya etmək niyyətindəyik”.
   Həmsöhbətimiz onu da dedi ki, “2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq, turizm müəssisələrində kadr hazırlığının səviyyəsini artırmaq, xidmət keyfiyyətini yaxşılaşdırmaq üçün AZTA-nın yerlərdəki nümayəndəliyi hotellərə və turizm şirkətlərinə yaxından köməklik edəcək: “Çünki hotel rəhbərləri tərəfindən bəzən düzgün siyasət aparılmır. Bunun nəticəsində də qiymət bahalığı yaranır. Turizm obyektinin sahibi marketinq işini düzgün qurmağı bacarmalıdır. Sahibkar bilməlidir ki, insanları öz obyektinə cəlb etmək üçün hansı marketinq siyasətini aparmalıdır. Marketinqə həm reklam, həm də qiymət siyasəti daxildir. Əgər obyektdə bu siyasət düzgün qurulmursa, bunu iki səbəblə izah etmək olar: ya müştəri cəlb etmək hotel sahibinə lazım deyil, ya da ki, o bu işi bilmir».
   M.Ağakərimov bildirdi ki, yerlərdə mövcud olan problemləri Bakıdan həll etmək mümkün deyil. Ona görə də AZTA mütəmadi olaraq yerlərdəki nümayəndəlikləri ilə əlaqə saxlayacaq, problemləri araşdırıb vaxtında tədbirlərin görülməsində, lazım olan reklam-çap məhsulları ilə təmin olunmasında onlara köməklik edəcək. Ehtiyac olacağı təqdirdə isə rayonlarda səyyar təlim-tədris treninqləri təşkil edəcək. 
   
    Fəxriyyə Abdullayeva