Təbii gözəlliyi, ekoloji saflığı, zəngin mədəni irsi, mehriban və qonaqpərvər insanları olan Azərbaycanın cənub bölgəsi turizm əhəmiyyətli məkandır. 
   Bir tərəfdən Talış dağları, digər tərəfdən Xəzər dənizi ilə əhatələnməsi bu regionda turizmin əksər növlərinin inkişafı üçün əlverişli zəmin yaradır. Bu təbii imkanlardan yararlanaraq xüsusilə ekoturizmlə bağlı müxtəlif layihələr həyata keçirmək mümkündür.
   “Şəfəq” Ekoturizm İctimai Birliyi də bölgənin mövcud potensialının tanıdılmasına, o cümlədən ekoturizmin inkişafına dair layihələr həyata keçirir. Birliyin rəhbəri Vamiq Babayevin sözlərinə görə, qurum fəaliyyət göstərdiyi 2005-ci ildən indiyədək turizm sahəsində 7 layihə icra edib. Layihələrin reallaşdırılmasına Dünya Bankı, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Dövlət Məşğulluq Mərkəzinin Lənkəran filialı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Almaniya Texniki Əməkdaşlıq Təşkilatı dəstək verib: «Bu layihələrlə Cənub bölgəsində kənd-yaşıl turizmin və ekoturizmin inkişafına dəstək vermək istəyirik. Bu gün dünya turizm sənayesində kənd turizmi mühüm yer tutur. Kənd ərazilərinin landşaftı, tarixi-mədəni və digər amilləri insanların fiziki və mənəvi bərpasına təsir edən əvəzsiz qüvvələrdir. Kənd turizminin əsas yerləşdirmə obyekti isə kənd evidir. Ev sahibi öz evində turistləri qəbul etdiyi halda bu ev kənd qonaq evi statusuna malik olur. Kənd qonaq evi adətən bir ailəyə məxsus olmaqla, qısa müddət ərzində buraya qonaq gəlmiş turistə yerləşdirmə, qidalanma, lazım gəldikdə ekskursiya və digər xidmətləri təqdim edən kiçik mehmanxana müəssisəsidir. Bütün bunları nəzərə alaraq, layihə çərçivəsində kənd-yaşıl turizmin reallaşdırılması üçün əlverişli olan kənd evlərini müəyyənləşdirmişik, həmin evlərin sahiblərinə Lənkəran rayonunda müxtəlif maarifləndirici xarakterli təlimlər keçmişik. Bu təlimlər kənd sakinlərinin evlərində turistləri saxlamaq, onlara qulluq və davranış qaydalarını əhatə edib».
   Hazırda Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə Astara rayonunun Ojakəran kəndində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində layihə həyata keçirdiklərini deyən V.Babayev bildirdi ki, bu da kənd-yaşıl turizminin inkişafına yönəlik bir layihədir: «Təşkilatımız eyni zamanda müxtəlif yerli kənd icmaları və beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir. Məqsədimiz beynəlxalq təşkilatları regiona cəlb etmək və onların burada müxtəlif istiqamətli layihələrin həyata keçirilməsinə dəstək vermələrini təmin etməkdir. Hazırda müxtəlif layihələr üzərində işləyirik”.
   “Şəfəq” Ekoturizm İctimai Birliyinin hazırladığı internet saytında (www.southtourism.az) da cənub bölgəsində mövcud olan turizm ehtiyatları və məhsulları haqqında geniş informasiya yer alıb.
   
   Fəxriyyə Abdullayeva