Məlum olduğu kimi, Azərbaycan «Eurovision 2012» musiqi yarışmasına ev sahibliyi edəcək. Tədbir günlərində Bakıya minlərlə turistin gələcəyi gözlənilir. Ölkəmizə gələcək qonaqların layiqli qarşılanıb yerləşdirilməsi həm dövlət qurumlarının, həm də turizm fəaliyyəti ilə məşğul olan ictimai təşkilatların qarşısında dayanan mühüm vəzifədir.
   
   Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin sözlərinə görə, paytaxtdakı hotellər qonaqlara lazımi səviyyədə xidmət göstərə biləcəklər. Hazırda Bakıdakı hotellərin vəziyyəti ilə bağlı heç bir problem yoxdur: «Hotellər qonaqlara lazımi xidməti göstərəcəklər. Turizm şirkətlərinin əsas vəzifəsi isə qonaqları Azərbaycanın regionlarının turizm potensialı ilə tanış etməkdir. Bütün yerli turizm şirkətlərinin saytlarında onların təklif etdiyi xidmətlər göstərilib. Xarici vətəndaşlar saytlara daxil olaraq, bu xidmətlərlə tanış ola və onlardan istifadə edə bilərlər».
   Nazirlik təmsilçisi bildirdi ki, qonaqlar üçün hotellərdə əlavə xidmətlər təşkil ediləcək. Çünki mehmanxanalar da öz növbələrində ekskursiya xidmətləri göstərməlidir. Mehmanxanalar ekskursiya xidmətini ya özləri təşkil edə, ya da bunun üçün əməkdaşlıq etdiyi turizm şirkətinə müraciət edə bilərlər.
   “Eurovision" müsabiqəsi ilə bağlı gələcək qonaqların sayına gəldikdə isə nazirlik rəsmisi indidən bu barədə konkret fikir söyləməyin erkən olduğunu dedi: “Hələ müsabiqədə neçə ölkənin iştirak edəcəyi də dəqiq məlum deyil”.
   Azərbaycan Turizm Assosiasiyası (AZTA) da “Eurovision-2012” ilə bağlı hazırlıqlarda yaxından iştirak edəcək. Bununla bağlı qurum artıq təkliflərini hazırlayıb təqdim edib. Təkliflər nəzərə alınarsa, AZTA onların reallaşmasında da yaxından iştirak edəcək. Bu barədə AZTA sədrinin müşaviri Müzəffər Ağakərimov məlumat verdi.
   Qeyd edək ki, assosiasiya bir müddət əvvəl “Turizm ili” ilə bağlı da təkliflər vermişdi. M.Ağakərimov bildirdi ki, həmin təkliflərdən bəziləri artıq reallaşıb: “Keçmiş “Aşpaz” jurnalının nəzdində “Turizm, hotel və restoran” jurnalı təsis edilib. Həm beynəlxalq turizmə aid, həm turizm şəxsiyyətlərinə aid və s. məqalələrlə, xəbərlərlə zəngin jurnal dərc edirik. Digər bir təklifimiz də AZTA-nın Azərbaycan Turizm İnstitutu ilə birlikdə peşə təhsili verməsi ilə bağlı idi. Bu, mütəxəssislərin hazırlanması üçün qısamüddətli kurslardan ibarət idi ki, artıq birinci mərhələsi reallaşıb. Qeydiyyat və ekskursiya rəhbəri peşələri üzrə kurslar keçirilib, qeydiyyat üzrə buraxılış oldu, bələdçi peşəsi üzrə də buraxılış olmalıdır».
   M.Ağakərimov bildirdi ki, AZTA sentyabr ayında Bakıda beynəlxalq turizm sərgisi təşkil etməyi də planlaşdırır.
   Onun sözlərinə görə, dünyanın bir çox ölkələrində turizm sərgilərini, yay turizm mövsümlərinin açılış və bağlanış mərasimlərini turizm assosiasiyaları təşkil edir: «AZTA da Bakıda beynəlxalq turizm sərgisi keçirməyi nəzərdə tutur. Sərgini sentyabrın 27-də - Dünya Turizm Günündə təşkil etmək niyyətindəyik. Həmin gün Azərbaycanın turizm ictimaiyyəti həm əlamətdar bir günü qeyd edir, həm də yay mövsümünün yekunlarını, qarşıdan gələn payız-qış mövsümündə görüləcək işləri müzakirə edir. Hesab edirik ki, sərginin məhz həmin gün keçirilməsinin effekti də böyük olacaq».
   
   Fəxriyyə Abdullayeva