Azərbaycana səfər etmiş türkiyəli turizm təmsilçiləri zəngin təəssüratlarını media səhifələrində işıqlandırıblar
   
   Xəbər verdiyimiz kimi, bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin dəvəti, Azərbaycan Turizm Assosiasiyasının və “Gilan Tourism” şirkətinin təşkilatçılığı ilə Türkiyənin turizm sənayesinin bir qrup təmsilçisi ölkəmizdə səfərdə olub.
   
   Türkiyə Turizm Yatırımçıları Dərnəyinin sədri Turqut Gürün başçılıq etdiyi heyətə Türkiyə Səyahət Agentlikləri Birliyi, Türkiyə Turistik Hotelçilər və İşlətməçilər Birliyi, Türkiyə-Azərbaycan İşgüzar Şurasının təmsilçiləri daxil idi. Nümayəndə heyəti mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə, Azərbaycanın turizm sektorunun rəhbər şəxsləri ilə görüşlər keçirmiş, Qəbələ rayonuna səfər edərək bu bölgənin geniş turizm potensialı ilə tanış olmuşdular.
   Nümayəndə heyətində yer alan Türkiyə Turizm Yatırımçıları Dərnəyinin üzvü, qəzetçi Can Pulak zəngin səfər təəssüratlarını informasiya vasitələrində işıqlandırıb. O, səfər zamanı gördükləri yüksək qonaqpərvərliyə görə təmsil etdiyi təşkilat adından Azərbaycanın mədəniyyət və turizm nazirinə təşəkkür məktubu və Türkiyədə dərc olunan məqaləsini göndərib.
   “Bodrumdan Bakıya” adlı məqalədə Azərbaycana səfər təəssüratından bəhs edən yazar öncə Bakının son illərdə inanılmaz dərəcədə dəyişdiyini vurğulayır. Bakıda ötən əsrin 90-cı illərinin əvvəlində olduğunu xatırladan müəllif həmin vaxt şəhərin o qədər də ürək açmayan, boz mənzərələrlə yadında qaldığını qeyd edir: “Qarabağ müharibəsində çoxlu şəhidlər vermiş, əldən düşmüş Azərbaycanın paytaxtı yorğun bir şəhər görkəmində idi”.
   Müəllif budəfəki gəlişində Bakının möhtəşəm dəyişikliklər içində, Azərbaycanı isə sürətli inkişafda gördüyünü vurğulayır: “Aradan keçən illər Azərbaycanı təpədən dırnağa dəyişdirib. Bakıya və digər şəhərlərə edilən inanılmaz sərmayələr nəticəsində ölkə yaxşı inkişaf edib və müasir görüntüsüylə təəccüb yaradacaq səviyyəyə çatıb. Bir ölkə qısa zamanda belə necə inkişaf edə bilər? Bəli, neft və təbii qazdan çox pul qazanır, amma qazancı yaxşı dəyərləndirmək də ayrıca bir bacarıqdır.
   Azərbaycan bunu müvəffəqiyyətlə gerçəkləşdirib. Ölkə bir tikinti meydanını xatırladır. Qədim binaların fasadı əslinə uyğun şəkildə yerli daşlarla üzlənir. Bakıda şəhərin estetik görünüşünə diqqət yetirirlər. Elektrik dirəkləri, küçə lampaları belə diqqətlə seçilib. Hər şeydə görünməmiş bir müasirləşmə diqqəti çəkir. Dünyanın ən zəngin mağaza və markalarına burada rast gəlmək olar. Burada Avropaya meydan oxuyan, Parisi belə geridə qoyan bir müasirlik tablosu yaradıblar. Görmədən inanmaq mümkün deyil. Lüks avtomobillərin bolluğu, ətrafın təmizliyi, sürətli yaşıllaşdırma ilk baxışda hiss olunur”.
   Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan olunduğunu nəzərə çatdıran müəllif səfər əsnasında turizm sahəsində görülən işlər, həyata keçirilən layihələr barədə ətraflı məlumat aldıqlarını vurğulayır: “Azərbaycanın qış turizmi ilə əlaqədar əhəmiyyətli qərar və işləri də var. Bununla bağlı Türkiyənin təcrübələrindən də faydalanmaq istəyirlər”.
   Müəllif bununla Bakının 200 kilometr şimalında yerləşən Qəbələ bölgəsində turizmin inkişafı üçün böyük işlər görülməsindən də söhbət açır: “Qəbələ yüksək dağlarla əhatələnmiş, İsveçrədən də gözəl meşəlik bir ərazidə yerləşir. Burada iki beşulduzlu, çox müasir hotel, Avropada belə asan rast gəlinməyəcək istirahət, SPA və idman mərkəzləri var. Burada dövlət dəstəyi ilə yeni infrastruktur qurulur, hava limanı inşa edilir. Hiss olunur ki, Qəbələ adını çox qısa zamanda bütün dünyada eşitdirəcək”.
   Müəllif Azərbaycanın digər bölgələrində, Lənkəranda, Nabranda da müasir turizm mərkəzlərinin yaradıldığını qeyd edir, yeni hotellərin tikildiyini nəzərə çatdırır. Qeyd olunur ki, Azərbaycan hələ bu işin əvvəlindədir, turizmə geniş meydan vermək üçün çoxlu yeni hotellər inşa olunmalıdır: “Lakin yeni sərmayələrlə Azərbaycan yaxında turizm ölkəsi kimi özünü tanıdar”.
   Müəllif yeni mehmanxanalar arasında Bakıda “Kempinski-Badamdar” kompleksini, “Hyatt Regency” hotellərini, paytaxtda inşa olunan “Mariott”, “Hilton” və digər dünya brend markaları üzrə hotelləri, habelə “Gilan Holdinq”in “Qafqaz” hotellərini qeyd edir. Qeyd edir ki, bu hotellər ölkənin turizm çöhrəsinə yeni rəng qatıb.
   Müəllif Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin bu sahənin inkişafı, ölkəmizin dünya turizm sektorundakı rolunu artıra bilməsi üçün böyük işlər gördüyünü vurğulayır. Azərbaycan Turizm Assosiasiyasının ölkədəki turizm təşkilatlarını bir araya gətirib fəaliyyətlərini koordinasiya etməkdə çalışmalarını yüksək qiymətləndirir. Turizm sahəsində çalışan azərbaycanlı personalın Türkiyədə də staj keçməsi ilə razılaşma əldə olunduğunu qeyd edir. Türk iş adamlarının Azərbaycanda turizm sahəsinə sərmayələri daha da artırmaq istədiklərini vurğulayır: “Türk iş adamlarına Azərbaycanda böyük imkanlar, üfüqlər var”. Müəllif fikrini bu sözlərlə bitirir: “Bir neçə günlük səfərimizin sonunda bir daha yəqin etdik ki, bir millət - iki dövlət olan Türkiyə və Azərbaycanın qarşılıqlı sevgisi sonsuzdur”.
   
   Ceyhun