Ölkəmizə səfər edən əcnəbilər arasında aparılan sorğu maraqlı nəticələr ortaya çıxarıb

   BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyinin həyata keçirdiyi «Turizmin inkişaf layihəsi»nin ikinci bülleteni işıq üzü görüb. Layihə çərçivəsində keçirilən «Xarici vətəndaşların Azərbaycana dair təəssüratlarının öyrənilməsi» barədə sorğunun nəticələrinin əks olunduğu bülleten «TurMarketinq» adlanır. Ölkəmizə səfər edən əcnəbilər arasında aparılan sorğu maraqlı nəticələr ortaya qoyub. 
   
   Məlum olub ki, dünya iqtisadiyyatında, eləcə də turizm sahəsində böhranlı vəziyyət olmasına baxmayaraq, bu mənfi tendensiya Azərbaycanın turizm sektorunda özünü elə də göstərməyib. Azərbaycanın yerləşdiyi coğrafi mövqe, turizm üçün əlverişli təbii şəraiti, son dövrlərdə yol infrastrukturunun inkişaf etdirilməsi, habelə beynəlxalq səviyyəli tədbirlərin təşkil edilməsi ölkəyə səfər edənlərin sayının artmasına müsbət təsir edib. Bununla belə, sorğunun nəticələri göstərir ki, əcnəbilər hələlik Azərbaycana turist qruplarından daha çox fərdi şəkildə səfər etməyə üstünlük verirlər (64%). Təhlillər göstərir ki, bu da xarici turistlərin əsasən Azərbaycana işgüzar məqsədlə (biznes görüşlərinin keçirilməsi, konfranslarda iştirak) səfər etmələri ilə bağlıdır.
   Azərbaycanda həm ənənəvi, həm də müasir müalicə imkanlarının mövcud olması sağlamlıq turizmi üçün gələnlər sayında (6%) da özünü göstərir. Azərbaycan tarix boyu bir sıra dinlərin (atəşpərəstlik, xristianlıq və islam) fəal yayılma mərkəzi kimi tanınıb. Bu baxımdan ölkəmizdəki dini və tarixi abidələr də turistləri (3,7%) cəlb edir.
   Tədqiqat nəticəsində məlum olub ki, Azərbaycana səfər edən xarici vətəndaşların əksəriyyəti ölkəmiz haqqında məlumatı internetdən əldə edir (46%). Bundan başqa, sorğu göstərir ki, Bakıda turistlər tərəfindən ən çox ziyarət edilən yer (66%) İçərişəhərdir.
   Respondentlər qeyd ediblər ki, turizm sosial-mədəni servis sahəsinə aid olduğundan bu sahədə insanın mənəvi, intellektual tələbatları təmin olunmalıdır. Araşdırmanın nəticələri də göstərir ki, bu amilə ölkəmizdə əksər hallarda əməl olunur. Belə ki, turistlərin əksəriyyəti (84%) onların qarşılanması, öz ölkələrinə yola salınması, turizm yerlərində onlara göstərilən xidmətlərdən məmnundurlar. Digər tərəfdən, 16% turist isə onlara göstərilən xidmətlərin səviyyəsindən razı qalmayıb.
   Respondentlərin “Azərbaycanda olduğunuz müddət ərzində orta hesabla nə qədər vəsait (manat) xərclədiniz” sualına verdikləri cavablardan məlum olur ki, xarici turistlər Azərbaycanda olduqları vaxtda adambaşına orta hesabla 893 manat pul xərcləyirlər. Bir gün ərzində onların xərclədiyi vəsait 96 manatdır. Sorğuda iştirak edən turistlərin əksəriyyəti Azərbaycana yenidən səfər etmək istədiklərini deyib (57%).
   Respondentlər onu da vurğulayırlar ki, turizm sahəsində qeyd olunan tövsiyələr nəzərə alınarsa, ölkədə turizm sektorunda müşahidə edilə biləcək müsbət meyllər bu sektorun potensial imkanlarını artıracaq, həmçinin turizmi iqtisadiyyatın öncül sahələrindən birinə çevirəcək. Bütün bunlar haqqında geniş materiallar «TurMarketinq» adlı bülletendə öz əksini tapıb. 
   
   Fəxriyyə Abdullayeva