Azərbaycanda turizm statistikasının təkmilləşdirilməsi məqsədilə oktyabrın 24-dən 28-dək Dünya Turizm Təşkilatının ekspertlərinin iştirakı ilə Bakıda seminar keçiriləcək. Bu barədə qəzetimizə məlumat verən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Xarici turizm sektorunun müdiri Səbinə Zadayevanın sözlərinə görə, Azərbaycan Dünya Turizm Təşkilatına üzv olduqdan sonra təmsil etdiyi nazirlik bu qurumla geniş əməkdaşlıq edir: «Azərbaycanda statistika işində əldə olunan nəticələrdə bu beynəlxalq təşkilatın böyük rolu var. 2001-ci ildən biz turizm üzrə bütün rəqəmləri DTT-yə təqdim edirik. Onlar da öz növbəsində bu rəqəmi turizm-hesabat kitabına daxil edirlər. Bu kitabda dünya ölkələrinin turizm fəaliyyətinə dair statistika çap edilir. Biz Statistika Komitəsi ilə əməkdaşlıq çərçivəsində bu hesablama işlərini təkmilləşdirmişik. Statistika sahəsində müəyyən təhlillər aparmışıq. Bu prosesdə də digər ölkələrin təcrübəsindən yararlanmaq üçün DTT-nin ekspertlərini dəvət etmək qərarına gəldik. Bu məqsədlə həmin ekspertlərin iştirakı ilə oktyabrdan başlayaraq Bakıda seminarlar keçiriləcək».

   Fəxriyyə Abdullayeva