Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər.

Dövlətimizin başçısı və birinci xanım Füzuli şəhərində Peşə liseyinin təməlini qoyub, yeni yaradılacaq mərkəzi parkın ərazisində ağac əkib, rayon mərkəzi xəstəxanasının təməlqoyma mərasimində iştirak ediblər.

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərinə gəliblər.

Dövlətimizin başçısına və birinci xanıma Şuşadakı inzibati binada aparılan son tamamlama və binanın ətrafında həyata keçirilən abadlıq işləri barədə məlumat verilib.

Prezident və birinci xanım Heydər Əliyev Fondu tərəfindən Şirin su hamamında, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evində, Mehmandarovların malikanə kompleksində aparılacaq bərpa işləri, həmçinin “Shusha Boutique Hotel”də və Şuşa Realnı məktəbinin tarixi binasında həyata keçiriləcək təmir-bərpa işləri ilə tanış olublar.

Sonra Prezident İlham Əliyev Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

Prezidentin və birinci xanımın Füzuli və Şuşa səfərindən ətraflı material qəzetin növbəti sayında...