“Belə məşhur hotellər şəbəkəsinin Azərbaycanda fəaliyyətə başlaması özlüyündə bir göstəricidir”
   
   Son illər Azərbaycana turist axınının sürətli artımı müşahidə olunmaqdadır. 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan olunması bu sahənin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açmışdır. Müasirləşən ölkəmizdə yüksək səviyyəli xidməti ilə seçilən və tanınmış dünya brendlərinə məxsus hotel komplekslərinin inşası geniş vüsət almışdır.
   
   “Hilton Worldwide” şirkəti 92 ildir biznes və istirahət məqsədilə səyahətə çıxan şəxslərə ən gözəl mehmanxanalar, xidmətlər, istirahət zonaları təklif edir. Şirkətin 84 ölkədə 500-dən çox hoteli fəaliyyət göstərir. Azərbaycanın paytaxtında inşa olunan, müasir dizaynı, beynəlxalq və milli memarlıq üslubu ilə seçilən “Hilton Baku” hoteli də şirkətin xidmət sahəsində daha bir nailiyyətidir.
   Oktyabrın 3-də Bakının mərkəzində yerləşən “Hilton Bakı” hotel kompleksinin açılışı olmuşdur. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər.
   “Hilton Baku” hotel kompleksi “İSR Kapital Menecment” MMC və “Hilton Worldwide” şirkətləri arasında 2007-ci ildə imzalanan müqavilə əsasında inşa olunmuşdur. Türkiyənin “Koray İnşaat” şirkəti tərəfindən inşa edilən hotelin tikintisində 700 işçi çalışmışdır. 25 mərtəbədən ibarət olan hoteldə ümumilikdə 309 otaq var. Onlardan 231-i standart, digərləri isə xidmət çeşidlərinə görə fərqlənən otaqlardır. Ən yüksək standartlara cavab verən otaqlardan həm şəhərimizə, həm də Xəzər dənizinə gözəl mənzərə açılır. Birinci mərtəbədə “Şəkər-Lanç” və 200 nəfərlik “Silantro” restoranlarında müştərilərə milli və dünyanın tanınmış mətbəxlərinin ləziz yeməkləri təqdim olunacaq.
   İkinci və üçüncü mərtəbələrdə müxtəlif səviyyəli tədbir və görüşlərin keçirilməsi üçün ən son informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş 18 zal fəaliyyət göstərir. İkinci mərtəbədəki 750 nəfərlik böyük konfrans zalında beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Hotelin 25-ci mərtəbəsindəki şəraitlə tanış olan prezidentə məlumat verildi ki, burada bir saat ərzində 360 dərəcə fırlanan dairəvi istirahət yeri yaradılmışdır. Buradan Bakıya və Xəzər dənizinə açılan mənzərə isə xüsusilə diqqəti cəlb edir. 24-cü mərtəbədə “Skay-Qrill” restoranı fəaliyyət göstərəcək. Hotel kompleksində 2,5 min kvadratmetr sahəsi olan SPA və Fitnes Mərkəzində örtülü hovuz, masaj hovuzu, türk hamamı, 8 müalicə otağı, VİP SPA otağı yaradılmışdır. “Hilton Baku”da dünya hotel biznesində mövcud ən yüksək xidmət göstəriləcəkdir.
   Prezident İlham Əliyev hotelin kollektivini salamlayaraq dedi:
   - “Hilton” otellər şəbəkəsinin Azərbaycanda fəaliyyətə başlaması çox əlamətdar bir hadisədir və onu göstərir ki, ölkəmizin xidmət sektoru da sürətlə inkişaf edir. Belə məşhur hotellər şəbəkəsinin Azərbaycanda fəaliyyətə başlaması özlüyündə bir göstəricidir. “Hilton” dünya şöhrətli bir brenddir və təbii ki, bu hoteldə ən yüksək səviyyə tətbiq olunur. Hotel çox böyük zövqlə tikilibdir. Burada istirahət etmək, qalmaq, eyni zamanda, müxtəlif tədbirlər keçirmək üçün bütün şərait vardır. Bu hotelin yaradılması əlbəttə ki, Azərbaycanın inkişafına investorların inamının təzahürüdür. Təkcə keçən il ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur. Mən çox şadam ki, xidmət sektoruna da böyük həcmdə investisiyalar qoyulur. Hotellərin yaradılması, eyni zamanda onu göstərir ki, Azərbaycana xaricdən gələn turistlərin marağı, ölkəmizin tarixi, mədəniyyəti ilə tanış olmaq üçün gələnlərin sayı artır və qonaqları yaxşı qəbul etmək üçün indi bütün imkanlarımız vardır.
   Son dövrlərdə bütövlükdə Azərbaycanda - Bakıda və bölgələrdə yeni gözəl hotellər tikilir. Təkcə Bakıda bu il və gələn il beşulduzlu 6 otel fəaliyyətə başlayır və onların içində ikinci hotel “Hilton”dur. Bundan sonra hələ 4 otel də açılacaq.
   Bu, hotellər arasında rəqabətin güclənməsinə və nəticə etibarilə burada qalan turistlər, qonaqlar üçün daha da yaxşı şəraitin yaradılmasına gətirib çıxaracaqdır. Çünki hər bir ölkənin inkişafı üçün bütün sahələrdə sağlam rəqabət çox vacib rol oynayır.
   Ümid edirəm ki, gələcəkdə Azərbaycanda - həm Bakıda, həm bölgələrdə inkişafla bağlı konkret layihələr icra ediləcək, öz həllini tapacaqdır. Həm Bakının, həm bölgələrin abadlaşması, gözəlləşməsi üçün Azərbaycan dövləti bundan sonra da əlindən gələni əsirgəməyəcəkdir. Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir. Bakının özəlliyi ondan ibarətdir ki, şəhərimizin çox gözəl, böyük, təkrarolunmaz tarixi, mədəniyyəti, tarixi abidələri vardır. Biz haqlı olaraq fəxr edirik ki, Bakıda həm qədim tarix qorunub saxlanılır, həm müasirliyə, inkişafa doğru ciddi addımlar atılır.
   Mən hotelin yaradılmasında əməyi olan bütün insanlara minnətdarlığımı bildirmək istəyirəm. Burada işləyən əməkdaşlara sözüm ondan ibarətdir ki, siz yaxşı bilirsiniz, ən gözəl hotel odur ki, orada gözəl xidmət göstərilir. Xarici gözəllik, daxili dizayn, tərtibat - bütün lazımi məsələlər təbii ki, vacibdir. Ancaq xidmətdən çox şey asılıdır. Mən şübhə etmirəm ki, burada çox gözəl xidmət göstəriləcəkdir.
   * * *
   “İSR Holdinq” şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial-iqtisadi inkişafın mühüm nəticələr verdiyini, “Hilton Baku” hotelinin də məhz bu iqtisadi siyasətin, islahatların nəticəsində ərsəyə gəldiyini vurğuladı.
   “Hilton Worldwide” şirkətinin vitse-prezidenti Maykl Kollini dövlət başçısına təşəkkür edərək “Olduqca dinamik və sürətlə inkişaf edən Bakıda bu hotelin açılmasından çox şadıq”,- deyə bildirdi.