Niderland Krallığının məşhur "MaxTV" televiziya kanalının nümayəndə heyəti ölkəmizə dair veriliş hazırlamaq məqsədilə Azərbaycanda səfərdədir. Səfər oktyabrın 2-dən 9-dək davam edəcək.
   
   Səfərin məqsədi Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, füsunkar təbiəti, turizm infrastrukturu, eləcə də ölkəmizin müasirliyini, tolerantlığını hollandlara, bütövlükdə Avropaya tanıtmaqdan və avropalıların Azərbaycana marağının artırılmasına nail olmaqdan ibarətdir.
   Çəkiliş heyətinin səfəri zamanı son illər respublikamızda baş verən hərtərəfli dinamik inkişaf, Bakının tarixi və müasir binaları, həyata keçirilən yeni layihələr, Azərbaycanın qədim xalçaçılıq sənəti, qədim inanclara hörmət və tolerantlıq, "Eurovision" musiqi yarışmasına hazırlıq və s. mövzulara diqqət yetiriləcəyi planlaşdırılır. Çəkilişlər paytaxtla yanaşı İsmayıllı, Qəbələ, Şəki və Quba rayonunda aparılacaq.
   
   * * *
   Oktyabrın 2-9-da İspaniyanın qabaqcıl kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət 8 nəfərlik heyəti də ölkəmizə press-turda olacaq. Səfər Azərbaycanla və İspaniya arasında turizm sahəsində əlaqələrin genişləndirilməsi və ölkəmizin turizm imkanlarının təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilir.
   Nümayəndə heyəti üçün Bakı şəhəri, İsmayıllı rayonu, Qəbələ şəhəri, Şəki şəhəri və Naftalan şəhəri üzrə mədəni və tarixi abidələrə, mehmanxanalara, muzeylərə, görməli yerlərə və digər obyektlərə turlar təşkil ediləcək. Press-turun nəticəsi olaraq İspaniyanın qəzet və jurnallarında jurnalistlər tərəfindən ölkəmizə həsr edilmiş silsilə məqalələrin nəşr edilməsi nəzərdə tutulur.