Danimarkanın Türkiyədəki səfirliyinin Azərbaycan üzrə nümayəndəsi Arnourd Govaert və Beynəlxalq Qolf Konsaltinq Şirkətinin mütəxəssisi Piet Hein Groenwoud Azərbaycan Turizm İnstitutunun qonağı olub. ATİ-nin rektoru Cəfər Cəfərov institutun yaranma tarixi, 6 il ərzində təhsil, təlim və təcrübə sahəsində həyata keçirilən məqsədyönlü fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib.
   Qonaqlar ATİ-nin az müddət ərzində imza atdığı uğurlara görə institut rəhbərliyini təbrik edib. Sonra onlar «Azərbaycanda qolfun inkişafı» adlı təqdimatla çıxış ediblər. Beynəlxalq Qolf Konsaltinq Şirkətinin mütəxəssisi Piet Hein Groenwoud respublikamızda idmanın inkişafına dövlət səviyyəsində qayğıdan məmnunluğunu bildirib. Qonaqlar Azərbaycanın Olimpiya Qolf Turnirində təmsil oluna biləcəyini bildiriblər. Görüşün məqsədi barədə danışan Piet Hein Groenwoud ATİ-də hər dəfə 10 sessiya qolf dərsi keçirmək niyyətlərini açıqlayıb. Onun sözlərinə görə, tələbələr qolf oyununun əsaslarına yiyələnəcək, məşğələlər zamanı təlim üçün Bakı Bağlı Qolf Konsaltinq Mərkəzinin xidmətindən yararlanacaqlar.

   Fəxriyyə Abdullayeva