Xəbər verdiyimiz kimi, sentyabrın 20-23-də Parisdə keçirilən «TOP RESA» beynəlxalq turizm sərgisi çərçivəsində Bakı Turizm İnformasiya Mərkəzi Fransanın Turizm İnstitutu ilə əməkdaşlıqla bağlı sənəd imzalayıb. Mərkəzin direktor müavini Bəxtiyar Qılıncovun sözlərinə görə, müqavilə təmsil etdiyi quruma Azərbaycanda turizmin inkişafı sahəsində müxtəlif proqramların və layihələrin hazırlanmasında Fransa Turizm İnstitutunun peşəkar təcrübəsindən istifadə etmək imkanı yaradacaq. Sənəd çərçivəsində gələcəkdə ölkədə turizmin inkişafına təkan verəcək layihələrin reallaşdırılması, turizm informasiya mərkəzlərinin əməkdaşlarına Fransa Turizm İnstitutunun mütəxəssisləri tərəfindən treninqlərin keçirilməsi nəzərdə tutulur.
   B.Qılıncov bildirdi ki, Bakı Turizm İnformasiya Mərkəzi indiyə qədər müxtəlif ölkələrin eyniadlı qurumları ilə 9 əməkdaşlıq sənədi imzalayıb. Xarici ölkə ali təhsil müəssisəsi ilə isə ilk dəfə belə sənəd imzalanıb.

   Fəxriyyə Abdullayeva