Azərbaycanda turizm resurslarının dövlət kadastrı yaradılacaq. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumata görə, bu məsələ yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində əksini tapıb. Yeni qanuna əsasən, dövlət kadastrında turizm ehtiyatlarının uçotu və qiymətləndirilməsi aparılacaq. Turizm resurslarının kadastrının yaradılması nəticəsində ölkənin turizm ehtiyatlarının statusu, yəni coğrafi yeri, sərhəd vəziyyəti, elmi, iqtisadi, ekoloji, mədəni dəyərləri, mühafizə rejimi, perspektiv istifadəsi müəyyənləşəcək. Turizm resurslarının statusu müəyyənləşdikdən sonra isə artıq onun yerləşdiyi ərazi turizm zonası hesab ediləcək.
   Kadastr yaradıldıqdan sonra həmçinin turizm resursları dövlət nəzarəti altında olacaq və fəaliyyəti qanunla tənzimlənəcək. Yeniliyin tətbiqində əsas məqsəd ölkədə turizm sahəsini inkişaf etdirməkdir.
   Qeyd edək ki, "Turizm haqqında" yeni qanun layihəsi artıq müvafiq dövlət orqanları ilə razılaşdırılıb. Sənəd layihəsi üzərində işlər yekunlaşmaq üzrədir. Layihə yaxın vaxtlarda Milli Məclisə təqdim ediləcək.