Niderland televiziyasının çəkiliş qrupu respublikamızın mədəni və turizm potensialı ilə tanışlıqdan zəngin təəssürat alıb
   
   Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin dəvəti, Azərbaycanın Niderlanddakı səfirliyinin təşkilatçılığı ilə bu ölkədə fəaliyyət göstərən Max TV kanalının prezidenti Yan Şlaxterin rəhbərliyi ilə şirkətin 5 nəfərlik çəkiliş qrupu oktyabrın 2-dən 9-dək ölkəmizdə səfərdə olub.
   
   Max TV Niderlandın populyar kanallarından biridir. Nümayəndə heyəti bir həftə ərzində paytaxt Bakıda və müxtəlif regionlarımızda (Qəbələ, Quba, Şəki, İsmayıllı və s.) olub, Azərbaycanın füsunkar təbiəti, qədim tarixi, zəngin mədəniyyəti, turizm potensialı, mətbəxi haqqında çəkilişlər aparıb. Çəkiliş qrupu Bakıdakı tarixi və müasir binaları, paytaxt sakinlərinin istirahətini, Bakı və regionların səmadan görüntüsünü lentə alıb. Niderlandlı telejurnalistlər həmçinin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdən, «Eurovision 2011»in qalibləri Nigar Camal və Eldar Qasımovdan müsahibələr alıb, Azərbaycanın qədim xalçaçılıq sənəti barədə, Bakının keçmişi və müasir dövrü mövzusunda yaşlı və gənc nəslin nümayəndələri ilə söhbətlər edib. Bu materiallar əsasında Azərbaycana həsr olunmuş iki hissəli sənədli film hazırlanacaq.
   Azərbaycana səfərlərinin sonuncu günü Max TV-nin prezidenti Yan Şlaxterlə görüşüb təəssüratlarını öyrəndik:
   - Bu mənim Azərbaycana ilk səfərimdir. Etiraf edim ki, bu ilin may ayına qədər ölkəniz haqqında heç nə bilmirdim. Amma təmsilçiləriniz «Eurovision» musiqi yarışmasında qalib olduqdan sonra Azərbaycan haqqında araşdırma apardım və ətraflı məlumat topladım. Bura gəldikdən sonra isə məndə belə bir təəssürat yarandı ki, sanki bu ölkəni uzun illərdir tanıyıram. Mən Azərbaycanı inkişaf etmiş, modern, eyni zamanda zəngin tarixə, mədəniyyətə malik ölkə kimi tanıdım. Bakı da daxil olmaqla, ölkənizin əksər şəhər və regionlarını gəzmək imkanım oldu. Hər tərəfdə tikinti, abadlıq işləri gedir. İnsanlarınız çox mehribandır.
   Xüsusilə Bakı bizdə dərin təəssürat yaratdı. Burada modern səviyyədə, XXI əsrin tələblərinə cavab verən inkişaf gördüm. Şəhər müasirliyinə və böyüklüyünə görə Avropa şəhərlərindən qətiyyən geri qalmır. Regionlara səfərimiz Qəbələdən başladı. Dağların qoynunda yerləşən, təmiz havası, gözəl şəraiti olan bu bölgədə hər şey bir-birini tamamlayır. Quba rayonuna səfərimiz də bizi çox təsirləndirdi. Bura əsl tolerantlıq nümunəsidir. Dünyanın heç bir yerində üç dinin - müsəlman, xristian və yəhudi təriqətlərinin daşıyıcısı olan millətlər bir yerdə belə mehriban şəraitdə yaşamır. Azərbaycandakı bu tolerantlıq mühiti bütün dünya üçün bir nümunədir.
   - Bu il Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20 ili tamam olur. Şərqlə Qərbin qovuşduğu məkan olan Azərbaycanın özünü həm də bir Avropa ölkəsi kimi təsdiq etdiyini demək olarmı?
   - Azərbaycanda dövlət tərəfindən hər sahəyə yüksək səviyyədə investisiya qoyulur. Bunu iqtisadiyyatın bütün sahələrində, xüsusilə də turizmdə aydın müşahidə etmək mümkündür. Səfər etdiyimiz bölgələrdə də bunu gördük. Bu isə həm də çoxlu iş yerlərinin açılması deməkdir. Bütün bunlar insanların sosial vəziyyətinin yaxşılaşmasına xidmət edir. Hesab edirəm ki, Azərbaycan müstəqillik illərində uğurlu inkişaf yolu keçib, müsbət nəticələr əldə edib.
   Onu da qeyd edim ki, Azərbaycanın «Eurovision» musiqi yarışmasında qələbəsi ölkənizi başqa bir istiqamətdən dünyaya tanıtdı. Mən inanıram ki, ölkəniz gələn il bu yarışmaya ev sahibliyini yüksək səviyyədə həyata keçirəcək. Çünki bununla bağlı geniş hazırlıq müşahidə olunur.
   - Hazırlayacağınız film Azərbaycanı necə tanıdacaq?
   - Azərbaycanda olduğumuz müddətdə çoxlu çəkilişlər etdik. Bu, həm ölkədəki inkişafla bağlıdır, həm də ölkənizin turizm potensialını, «Eurovision-2012”yə hazırlığı əks etdirir. Bütün çəkilişlərimiz Azərbaycanın Avropada tanıtımına xidmət edir. Çəkdiyimiz materiallar əsasında yaxın günlərdə Niderland televiziyalarında bir neçə verilişimiz nümayiş etdiriləcək.
   - Azərbaycanı inkişaf etmiş bir turizm ölkəsi kimi təqdim etmək olarmı?
   - Azərbaycan artıq bir turizm ölkəsi kimi tanınmağa başlayıb. Ölkədə bu sahə vacib sektorlardan biridir. Burda olduğum müddətdə özüm də şahidi oldum ki, turizm Azərbaycanda sürətlə inkişaf edir. Hotellərin, xüsusilə beynəlxalq brendli mehmanxanaların sayının artması, güclü infrastruktur dediklərimin təsdiqidir. Bu inkişafın regionlarda heç də paytaxtdan geri qalmaması isə gələcəkdə əldə ediləcək uğurlardan xəbər verir. Yerli əhalinin qonaqpərvərliyi turizm sahəsində ən vacib şərtlərdən biri hesab edilir. Bura ayaq basdığım ilk gündən mən azərbaycanlılardan ancaq mehribanlıq, nəzakətli rəftar və mədəni davranış gördüm. Bütün bunların hamısı təbii ki, hazırladığımız süjetlərdə öz əksini tapacaq.
   Bir vacib məqama da toxunmaq istərdim. Bu il Azərbaycan üç əhəmiyyətli hadisənin sevincini yaşayır. Həm ölkənizin müstəqilliyinin 20 illiyidir, «Turizm ili» çərçivəsində çox vacib tədbirlər keçirilir və gələn il Bakıda keçiriləcək «Eurovision» hazırlıqları davam edir. Mən məhz belə bir vaxtda Azərbaycana gəldiyim üçün çox xoşbəxtəm.
   Bu məqamda Max TV-nin layihə rəhbəri Tul Melvin də söhbətə qoşulur və təəssüratlarını bölüşür:
   - Cənab Yan Şlaxterin suallarınıza cavabları mənim də ürəyimdən keçənləri əks etdirir. Mən də bir məqama toxunmaq istərdim. Bakının bütün maraqlı yerlərində olduq. Müasir şəhər, hündür binalar, xarici markalı maşınların şütüdüyü geniş küçələr... İnsan özünü sanki bir Avropa şəhərində hesab edir. Bu, Azərbaycana ilk səfərim olsa da, sonuncu deyil. Dostlarıma, ətrafımda olan insanlara Azərbaycanı gözəl və cazibədar bir ölkə kimi təsvir edəcəm. 2012-ci ildə Bakıda keçiriləcək «Eurovision» musiqi yarışmasını canlı olaraq izləmək arzusundayam. İnşallah, qismət olsa, gələn il yenə də buraya gələcəyəm.
   
   Fəxriyyə Abdullayeva