«Azərbaycanda yeni marşrutlar kəşf edək» layihəsi çərçivəsində növbəti infoturlar Azərbaycanın 2011-ci il üzrə “Sənətkarlıq paytaxtı” olan İsmayıllıya və Naxçıvan Muxtar Respublikasına olacaq. Bu barədə məlumat verən «Skal İnternational» beynəlxalq turizm təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Ruslan Quliyevin sözlərinə görə, artıq “Əfsanələr paytaxtı” Şabrana və “Folklor paytaxtı” Lənkərana belə səfərlər təşkil olunub. İsmayıllıya səfər çərçivəsində Milli Kulinariya Mərkəzi ilə birlikdə Lahıc kəndində kulinariya yarışması da təşkil olunacaq: «Yarışma infotur iştirakçıları arasında keçiriləcək, kişilər kabab, qadınlar qutab bişirməkdə bacarıqlarını göstərəcəklər”.
   Naxçıvana infotur barədə danışan R.Quliyev bildirdi ki, muxtar respublikaya səfərin oktyabrın 28-30-da reallaşdırılması nəzərdə tutulur: “İnfotur zamanı Naxçıvanın gəzməli-görməli yerlərinə, tarixi abidələrinə, ziyarətgahlarına səfər etmək planlaşdırılır. Məqsəd Naxçıvana daha çox turist cəlb etmək üçün muxtar respublikanın turizm potensialını bir daha təbliğ etməkdir. Düşünürəm ki, bu infotur çox maraqlı olacaq».
   Söhbət əsnasında «Skal Bakı»nın rəhbəri qarşıdakı aylarda təşkilatın təmsil olunacağı tədbirlər barədə də məlumat verdi: «Noyabrın 2-4-də “17-ci Daşkənd İpək Yolu” turizm sərgisində və noyabrın 7-10-da isə Londonda “Beynəlxalq turizm marketi” sərgisində iştirak edəcəyik. “Eurovision” ərəfəsində belə tədbirlərdə iştirak etməyimiz vacibdir”.

   Fəxriyyə Abdullayeva