Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi münasibətilə “ADMİU 99+” layihəsi çərçivəsində iyunun 22-25-də “Pillə” tələbə tamaşaları festivalı keçiriləcək.

Universitetdən bildirilib ki, festivalda aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrin təşkilat komitəsi tərəfindən seçilmiş diplom və kurs tamaşaları nümayiş olunacaq.

Qaliblərə “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu” nominasiyaları üzrə mükafatlar, o cümlədən gənc tənqidçilərin xüsusi mükafatı təqdim olunacaq. Bundan əlavə, festival müddətində tamaşaların müzakirəsi ilə əlaqədar tələbə-teatrşünaslardan ibarət gənc ekspertlər qrupunun aktiv fəaliyyəti də nəzərdə tutulur.

“Pillə” festivalı tələbələrin yaradıcılıq prosesinə daha sıx təşviq edilməsi, gənc istedadların aşkarlanması və teatr tədrisi prosesinin aktivləşdirilməsi kimi məqsədləri hədəfləyir.