Tanınmış azərbaycanlı musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru, İndiana Universitetinin müəllimi Aida Hüseynova iyunun 21-də, 58 yaşında vəfat edib.

Aida Nemət qızı Hüseynova1964-cü ildə Bakıda doğulub. 1992-ci ildə Sankt-Peterburq Dövlət Konservatoriyasında  bəstəkar Müslüm Maqomayevə həsr olunmuş dissertasiyanı müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Bir neçə il Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub, 1995-ci ildən dosent, 2005-ci ildən professor vəzifələrində çalışıb. ABŞ-nın Harvard, Prinston, Berkli, Stenford, Kolumbiya və digər universitetlərində, Böyük Britaniyanın Kembric Universitetində mühazirələrlə çıxış edib. Endryu Mellon təqaüdü (2015), Fulbrayt təqaüdü (2007–2008) və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən təqaüdlərə (2000, 2001–2002) layiq görülüb.

2008-ci ildən ABŞ-ın İndiana Universitetinin nəzdində olan Ceykobs Musiqi Məktəbində müəllim kimi çalışıb. Onun təşəbbüsü ilə həmin məktəbdə “İpək Yolu xalqlarının musiqisi” və “Musiqidə Şərq ilə Qərbin rastlaşması” fənləri tədris olunmağa başlanıb. Professor Aida Hüseynova bu fənlərlə yanaşı, musiqi nəzəriyyəsi, Avropa və Asiyanın populyar musiqisi və Rusiya musiqisi fənlərini də tədris edib.

Aida Hüseynova 5 kitab və 200-dən çox məqalənin müəllifidir. Elmi məqalələri Azərbaycanda, ABŞ-da, Almaniyada, Niderlandda, Bolqarıstanda, Fransada və Rusiyada işıq üzü görüb. Onun “Azərbaycan musiqisi: muğamdan operaya doğru” (İndiana Universiteti, 2016) monoqrafiyası müasir Azərbaycan musiqisi haqqında ingilis dilində işıq üzü görən ilk nəşrdir.

Musiqişünas alim 2005-ci ildə San-Fransiskoda keçirilən Dünya Musiqisi Festivalının məsləhətçilər şurasının üzvü olub. 2006-cı ildən başlayaraq Yo-Yo Manın idarəçiliyi ilə fəaliyyət göstərən “İpək Yolu”  ansamblının, “Kronos” kvartetinin Azərbaycan musiqisinə aid olan layihələrində, 2016-cı ildən Mark Morris rəqs qrupunda elmi məsləhətçi kimi çalışıb. Alim Qasımovun, “İpək Yolu” ansamblının və Mark Morris rəqs qrupunun iştirakı ilə həyata keçirilən Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasını təqdim edən irihəcmli layihənin elmi məsləhətçisi olub, həmin layihə xətti ilə ABŞ-nın müxtəlif şəhərlərində, eləcə də Böyük Britaniyada, Avstraliyada, Fransada və Qətərdə mühazirələrlə çıxış edib. Aida Hüseynova 2017-ci ildə ABŞ-nın Kollec Musiqi Cəmiyyətinin idarə heyətinə üzv seçilmişdi. Azərbaycan Milli Musiqi Şurasının baş katibi idi.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kollektivi Aida Nemət qızı Hüseynovanın vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına, musiqi ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət etsin.