Noyabrın 2-də Özbəkistanın paytaxtı Daşkənddə «İpək yolu turizmi - 2011» beynəlxalq turizm sərgisi işə başlayıb. 1995-ci ildən ənənəvi olaraq keçirilən sərgi Mərkəzi Asiya regionunda öz böyüklüyünə və iştirakçılarının sayına görə fərqlənir.
   
   Noyabrın 4-dək davam edəcək budəfəki sərgidə ölkəmizi «Millennium Tourism & Congress DMC» şirkəti təmsil edir. Şirkətin direktoru Ruslan Quliyevin verdiyi məlumata görə, builki sərgidə dünyanın 25 ölkəsindən 100-dən artıq turizm şirkəti iştirak edir. «Millennium» «İpək yolu turizmi» sərgi-yarmarkasında Azərbaycanın turizm potensialını nümayiş etdirməklə bərabər, iştirakçı şirkətlərlə də yeni-yeni əməkdaşlıq əlaqələri qurur: “Sərgidə ölkəmizin turizm potensialını əks etdirən reklam-çap məhsulları və fotostendlər nümayiş etdirilir. Guşədə quraşdırılan monitorda müntəzəm olaraq Azərbaycanın görməli yerlərini əks etdirən videofilm göstərilir və Azərbaycan musiqisi səsləndirilir».
   R.Quliyev bildirdi ki, sərginin birinci günü «Millennium»un stendini ziyarət edənlər arasında Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov və səfirliyin əməkdaşları da olub. Səfir şirkətin nümayiş etdirdiyi reklam-çap məhsulları ilə tanış olub, iştirakçılara uğurlar arzulayıb.
   Onu da bildirək ki, Özbəkistan bu yaxınlarda Dünya Turizm Təşkilatının Avropa regional qrupunun 2011-2015-ci illər üçün icraedici orqanının üzvü seçilib. Bu zaman Özbəkistanın Böyük İpək yolu beynəlxalq turizm marşrutunda oynadığı əhəmiyyətli rol nəzərə alınıb. Bu ölkənin Böyük İpək yolu marşrutunun keçdiyi ərazisində 4 mindən artıq tarixi-memarlıq abidəsi var. Özbəkistanın tanınmış turizm mərkəzləri olan Səmərqənd, Buxara, Xivə, Şəhrizabs UNESCO-nun Dünya mədəni irs siyahısına daxil edilib.
   
   Fəxriyyə Abdullayeva