“Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair” Dövlət Proqramından irəli gələn vəzifələrin icrası istiqamətində həyata keçirilən tədbirlər, habelə 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan olunması Qax rayonunda bu sahənin inkişafını daha da sürətləndirib və rayonun turizm potensialının genişləndirilməsi üçün yeni imkanlar açıb.
   
   Təsadüfi deyil ki, bu ilin 9 ayı ərzində rayona gələn turistlərin sayı 10 min nəfərə çatıb. İki il əvvəl isə bu göstərici il ərzində 4 min nəfər təşkil etmişdi.
   Rayonun mədəniyyət və turizm şöbəsindən verilən xəbərə görə, hazırda Qaxın dağlıq ərazilərindəki mövcud turizm obyektlərində əlavə tikinti işləri aparılır, eyni zamanda yeni turizm obyektlərinin yaradılması istiqamətində iş davam etdirilir. Qaxbaş kəndi ərazisində “El Resort” turizm obyektinin tikintisi artıq başa çatdırılıb və kompleks tezliklə istifadəyə veriləcək. Bundan əlavə, bu il ərzində İlisu kəndindəki “Ulu dağ” istirahət kompleksində 2 yeni kottec tikilib, “Səngər qala” istirahət kompleksində 4 mərtəbəli mehmanxana binasının tikintisi davam etdirilir, Ağçay kəndi ərazisində tikintisi yarımçıq qalmış üç mərtəbəli hotel binasında işlərə yenidən başlanılıb. Bu obyektlərin istifadəyə verilməsi rayona gələn turistlərin sayının daha da artmasına imkan verəcək.
   Bu ilin yanvar-sentyabr aylarında Qəbələ rayonuna gələn turistlərin sayı da artıb. Belə ki, 9 ayda rayona 35 min yerli və xarici turist səfər edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 min 600 nəfər çoxdur.
   Rayonun mədəniyyət və turizm şöbəsindən verilən xəbərə görə, hazırda Qəbələdə 100-dək turizm-istirahət obyekti fəaliyyət göstərir. Ötən altı ildə Qəbələdə müasir turizm obyektlərinin sayı beş dəfə artaraq 19-a çatıb. Son iki ildə rayonda “Qafqaz Resorte”, “Qafqaz Riverside”, “Qafqaz Sport” hotelləri, “Qabaland” istirahət və əyləncə kompleksi istifadəyə verilib. Rayonun mehmanxanalarında eyni vaxtda 1223 turistə xidmət göstərilməsi mümkündür.
   Xatırladaq ki, 2008-ci ildə Qəbələyə 14 min 630, 2009-cu ildə 29 min 480, 2010-cu ildə 31 min 400 turist gəlmişdi. 
   

    Fəxriyyə Abdullayeva