İslam Dünyası İrs Komitəsinin (IWHC) İCESCO-nun Rabatdakı (Mərakeş) qərargahında keçirilən 10-cu iclasında təşkilata üzv ölkələrin nümayəndələrinin iştirak edəcəyi “Gənc səfirlər proqramı” təsdiq olunub.

Proqramın birinci mərhələsində İslam ölkələrindən ümumilikdə 3 minə yaxın gənc maddi və qeyri-maddi irs abidələrinin təbliği və qorunması üzrə təlim kurslarına cəlb olunacaq. Onların arasından 30 nəfər irs üzrə gənc səfir kimi seçiləcək. Proqram müsəlman ölkələri üzrə üç coğrafi regionu əhatə edəcək.

Təşkilatın baş ofisindən bildiriblər ki, iclasda 8 ölkədəki – İraq, Pakistan, Kamerun, Mavritaniya, Küveyt, Mərakeş, İndoneziya və Nigeriyadakı 141 tarixi məkan və mədəni element İslam Dünyası İrsi Siyahısına daxil edilib. Azərbaycanın da daxil olduğu coğrafi məkan üzrə yeni maddi və qeyri-maddi irs abidələrinin siyahıya daxil edilməsi məsələsinə gələcək iclasda baxılacaq.

Komitənin 10-cu iclasında həmçinin “Maddi və qeyri-maddi mədəni irs elementlərinin qorunması üzrə ən yaxşı təcrübələrin siyahısı” adı altında yeni layihənin hazırlanması haqqında qərar qəbul edilib.