Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunun qarşısında “Nar” adlı yeni art-obyekt açılıb.

Art-obyekt Azərbaycan Beynəlxalq Bankının Moskvadakı törəməsi – “MBA Moskva” bankının dəstəyi ilə yaradılıb.

Pavilyonun direktoru Səadət Qədirova deyib: “Etiraf edirəm ki, bizim pavilyonda işə başladığım ilk gündən pavilyonun fasadı qarşısında nar şəklində bir art-obyekt yaradılmasını arzu edirdim. Necə deyərlər, bizim arzularımız onların imkanları ilə üst-üstə düşüb. MBA-Moskva bankının “Nar” layihəsi, həqiqətən, gözəl təqdimata layiqdir”.

Direktor qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığı qloballaşdıran, qarşılıqlı münasibətləri möhkəmlədən bu tipli əməkdaşlıq ölkəmizi Rusiya Federasiyasında təmsil edən bütün Azərbaycan qurumlarının işinin mühüm tərkib hissəsidir: “Art-obyekt də çox rəmzi məna daşıyır. Bərəkət və gözəllik rəmzi olan nar bizim pavilyonun fasadını layiqincə tamamlayır”.