Tailandın turizm təmsilçiləri Bakıda Azərbaycanın turizm şirkətləri və KİV nümayəndələri ilə görüşdülər
   
   Ölkəmizə səfərə gələn Tailand Turizm İdarəsinin Moskva nümayəndəliyinin direktoru Visanu Jaroensilp və marketinq meneceri Konstantin Kinel noyabrın 14-də Bakıda Azərbaycanın bir qrup turizm şirkəti təmsilçisi və KİV nümayəndələri ilə görüşdülər. «Austin» hotelində keçirilən görüşün məqsədi Tailandla Azərbaycanın turizm sahəsində əməkdaşlığının genişləndirilməsi və bu ölkənin turizm potensialının ölkəmizdə təbliğ edilməsidir.

   
   Visanu Jaroensilp bildirdi ki, Tailand hökuməti Azərbaycanın turizm bazarında geniş təmsil olunmaq və azərbaycanlı turistlərin bu ölkəyə cəlb edilməsində çox maraqlıdır. Onun sözlərinə görə, bu ilin iyul ayında Tailandda baş verən təbii fəlakət - sel və daşqınlar ölkənin turizm sektoruna elə bir zərər vurmayıb: “Ölkəmizin, demək olar ki, bütün turizm obyektləri sel və daşqınlar zonasından uzaqdadır. Paytaxt Bankonqda iki aeroport fəaliyyət göstərir. Bir sözlə, ölkəmizə gələn turistləri heç bir təhlükə gözləmir».
   Qonağın sözlərinə görə, Tailandın çox böyük turizm potensialı var. Dekabr ayında burada 26-27 dərəcə istilik müşahidə olunur. Bu səbəbdən də Tailand qış mövsümündə də turistlərin çox sevdiyi ölkələrdən biridir: «Dünyanın əksər ölkələrindən turist qrupları qəbul edirik. Azərbaycana yaxın ölkələrdən Rusiya, Ukrayna və Qazaxıstanla geniş əməkdaşlığımız var. Ötən il təkcə Rusiyadan 644 min, MDB ölkələrindən isə 820 nəfər turist öz istirahətini Tailandda keçirib. Yeni il ərəfəsində bu rəqəmin artacağı da istisna deyil».
   Visanu Jaroensilp onu da bildirdi ki, Azərbaycan dünya turizm bazarında artıq yeni bir istiqamət kimi tanınmaqdadır. Bu səbəbdən də ölkəmiz Tailandın turizm qurumlarının diqqət mərkəzindədir: «Azərbaycana səfərimizin bir neçə səbəbi var. Məlum olduğu kimi, hər il aprel ayında Bakıda beynəlxalq turizm sərgisi keçirilir. Biz həmin sərgidə növbəti ildən təmsil olunmaq istəyirik. Buna görə də sərginin təşkilatçısı «İteca Caspian» şirkəti ilə bununla bağlı şifahi razılaşmanı rəsmiləşdirdik. Digər tərəfdən, biz azərbaycanlı turistləri öz ölkəmizdə görməkdə maraqlıyıq. Bir məqamı da qeyd edim ki, ötən il Tailanda təxminən 900 nəfər Azərbaycan vətəndaşı səfər edib. Biz bu rəqəmin dəfələrlə artmasını istərdik. Bu məqsədə çatmaqda bizə turizm şirkətləri və kütləvi informasiya vasitələrinin təmsilçiləri kömək edə bilərlər. Ona görə də dekabr ayında bir qrup turoperator və KİV nümayəndələrinin Tailanda səfərini təşkil etmək niyyətindəyik».
   Marketinq meneceri Konstantin Kinel isə bildirdi ki, Tailanda ən çox turist gələn ölkələr içərisində Malayziya birinci yerdədir. Avropa ölkələrindən isə bu sahədə Böyük Britaniya 1-ci, Rusiya 2-ci, Almaniya 3-cü yeri tutur.
   Görüşdə qonaqlar turizm şirkətləri nümayəndələrinin bir sıra suallarını cavablandırdılar. Tailandın Bakıdakı konsulluğunda viza alınmasında problemlər olmasına dair suala cavab olaraq Visanu Jaroensilp bildirdi ki, tezliklə bu problemin yoluna qoyulmasına çalışacaq. Azərbaycanın turizm şirkətləri Yeni il və Novruz bayramı ərəfəsində Tailanda çarter reyslərinin təşkil edilməsinin mümkünlüyünü bildirdilər.
   
   Fəxriyyə Abdullayeva