5-7 iyul tarixində Parisdə, UNESCO-nun mənzil-qərargahında “Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiya”nın (2003) iştirakçı dövlətləri Baş Assambleyasının 9-cu sessiyası keçirilib.

180 iştirakçı dövlətin nümayəndələri sessiyada dünyada qeyri-maddi mədəni irsin qorunması və konvensiyanın gələcəyinə dair məsələləri müzakirə ediblər. Sessiyada ölkəmizi Mədəniyyət Nazirliyinin, eləcə də Azərbaycanın UNESCO yanında Daimi nümayəndəliyinin əməkdaşlarından ibarət heyət təmsil edib.

Sessiyada UNESCO nəzdində Qeyri-Maddi Mədəni İrs Fondunun resurslarından istifadə planı və qeyri-hökumət təşkilatlarının akkreditasiyası məsələlərinə də baxılıb.

Sessiyanın gündəliyində yer alan məsələlərdən biri də UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə yeni üzvlərin seçilməsidir. Qeyd edək ki, Hökumətlərarası Komitə dörd il müddətinə seçilən 24 üzvdən ibarətdir. 2022-ci ildə 12 dövlətin, o cümlədən Azərbaycanın üzvlük müddəti başa çatır.