Prezident Ramanada görülən abadlıq işləri ilə tanış olub

 

Prezident İlham Əliyevin göstərişinə əsasən, 2019-cu ildən Bakı şəhəri və Abşeron rayonunun qəsəbələrində xüsusi abadlaşdırma işlərinə başlanılıb. Layihə ilk olaraq Balaxanı qəsəbəsində həyata keçirilmişdi. Sonra Bibiheybət qəsəbəsi tarixi koloriti saxlanmaqla yeni növrağına qovuşdu.

2021-ci ildə Pirşağı qəsəbəsində bu layihə üzrə işlərə start verildi. Eyni zamanda Ramana, Novxanı, Əmircan qəsəbələrində layihənin icrasına başlanıldı. Həyata keçirilən tədbirlərin əsas məqsədi burada insanlara daha yaxşı yaşayış şəraiti yaratmaq, həmçinin zəngin tarixi irsi olan qəsəbələrin turistik imkanlarını təşviq etməkdir.

Artıq Bakının qədim tarixə malik Ramana qəsəbəsi də simasını yeniləyib. Prezident İlham Əliyev iyulun 6-da Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub.

“Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, Ramana qəsəbəsində yenidənqurma işləri yekunlaşıb, qəsəbədaxili yollar asfaltlanıb, divar və dam örtükləri yenilənib, küçələrin işıqlandırılması həyata keçirilib. Qəsəbənin Həsənbəy Zərdabi, Xanlar, Mirzəağa Əliyev, Əbdürrəhim bəy Haqverdiyev və qəbiristanlıq ətrafı küçələri tamamilə yenilənib. Həmçinin ərazi tullantılardan təmizlənib.

Diqqətə çatdırılıb ki, Ramana qəsəbəsi Abşeron ərazisində turizm marşrutlarına daxil edilə biləcək abidələrlə zəngindir. Onlardan biri qəsəbənin girişində əzəməti ilə diqqəti cəlb edən, XII-XIV əsrlərə aid olduğu bildirilən Ramana qalasıdır. Ehtimal edilir ki, divarlarının hündürlüyü 15 metr olan qala müdafiə məqsədilə tikilib və Şirvanşahlar dövləti dövründə qəsr kimi istifadə olunub. Azərbaycan kino tarixində xüsusi yeri olan “Koroğlu”, “Nəsimi” və “Babək” filmlərinin müəyyən səhnələri Ramana qalasında çəkilib.

Dövlətimizin başçısı qalada aparılan bərpa işləri ilə tanış olub.

Ramananın qədim tikililərindən biri də Novruzqulu hamamıdır. Bildirilib ki, keçmişdə hamamda dörd quyu fəaliyyət göstərsə də, indi onlardan üçü mövcuddur. Novruzqulu Babakişi oğlunun adını daşıyan hamam Abşeron yarımadasında yeganə tikilidir ki, onun sənədləri toplanıb və təsdiqlənib. Hamamın binasında keyfiyyətli bərpa işləri görülüb.

Qeyd edilib ki, Ramanada yenidənqurma işləri zamanı ətraf mühitin qorunması, qəsəbənin ekoloji vəziyyəti prioritet məsələlərdən biri olub.

Prezidentə qəsəbədə əhalinin məşğulluğunun artırılması sahəsində görülən işlər barədə də məlumat verilib. Qeyd edilib ki, xalçaçılıq müəssisəsi və satış mağazası açılıb. Yaradılan yeni iaşə və xidmət obyektlərində məhsulların istehsalı və satışı həyata keçirilir. Bu obyektlər müştərilərə yüksək səviyyədə xidmət göstərmək, onların rahatlığını təmin etmək üçün zəruri vasitələr və avadanlıqlarla təchiz olunub.

Məlumat verilib ki, Pirşağıda hazırlanan quru meyvələrin satışı da burada həyata keçiriləcək. Səyyar satış obyektləri və köşklərin quraşdırılması ilə məşğulluğun artırılmasına nail olmaq, həmçinin yerli əhali və turistlərin ehtiyaclarını qarşılamaq mümkündür.

Ramanada reallaşdırılan layihələrdən biri də vertikal bağçılıq layihəsidir. Layihənin məqsədi özünəməşğulluğun artırılmasına, aztəminatlı ailələrin daha çox gəlir əldə etməsinə və ailə təsərrüfatlarının inkişafına dəstək olmaq, həmçinin yaşıllıqların genişləndirilməsinə, bitkiçiliyin və kənd təsərrüfatı məhsulları emalının inkişafına töhfə verməkdir.

Dövlətimizin başçısı Ramanadakı evlərdən birinin həyətində qəsəbə sakini ilə söhbət edib.

Ramana həm də ovdanları ilə məşhurdur. Qəsəbədə bərpa olunan tarixi abidələrdən biri də el arasında “Qırx pillə” adlanan su ovdanıdır. Azərbaycan ərazisində, Abşeron yarımadasında və ona qonşu ərazilərdə ovdanlara daha çox təsadüf edilir. Bu yerlərdə içməli su mənbələri çox az olduğundan XVI-XVIII əsrlərdə içmək üçün yararlı olan lay sularından istifadə edilməsi məsələsi aktuallaşıb və ovdanlar yaradılıb. Bu qurğuların tikintisi XX əsrə qədər davam edib.

Prezidentə su ovdanında görülən təmir-bərpa işləri barədə məlumat verilib.

Ramana sakinlərinin həm sağlam həyat tərzi, həm də asudə vaxtlarını səmərəli keçirmələri üçün qəsəbədə İdman mərkəzi inşa olunub. Mərkəzdə qapalı idman zalı, minifutbol meydançası yaradılıb. Dövlət başçısı mərkəzdə yaradılan şəraitlə də tanış olub.