9-10 iyul tarixlərində Azərbaycanda İslam dünyasının ən əziz bayramlarından biri – Qurban bayramı qeyd olunacaq.

Prezident İlham Əliyev bayram münasibətilə Azərbaycan xalqını, o cümlədən ölkəmizdən kənarda yaşayan soydaşlarımızı təbrik edib.

Təbrikdə vurğulanır ki, İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı müsəlmanların Allah sevgisini, haqq-ədalət naminə hər cür fədakarlığa hazır olduqlarını təcəssüm etdirir.

Qeyd olunur ki, Azərbaycan xalqı əsrlər boyu tarixi köklərinə və adət-ənənələrinə bağlılığı ilə seçilib, ən mürəkkəb dövrlərdə belə, öz milli-mədəni dəyərlərini qoruyub saxlayıb. Müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi nümayiş etdirən dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il ölkəmizdə təntənə və ruh yüksəkliyi ilə qeyd edilir.

Prezident müraciətində Azərbaycanın müstəqilliyi uğrunda və əzəli torpaqlarımızın işğaldan azad olunmasında canlarını fəda edən qəhrəman şəhidlərimizin ölməz xatirəsini bir daha dərin ehtiramla yad edərək onlara Uca Yaradandan rəhmət, yaxınlarına səbir diləyib.

Dövlət başçısı ümidvar olduğunu bildirib ki, bu mübarək bayram da xalqımıza xas xeyirxahlığın, şəfqət və mərhəmətin təntənəsinə çevrilərək cəmiyyətimizdə milli-mənəvi həmrəylik ovqatını daha da gücləndirəcək.