“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə Milli Qurama Festivalı keçirilir.

İdarədən bildirilib ki, festival iyulun 7-də qədim tikmə növü olan quramanın İçərişəhər ərazisində nümayiş etdirilməsi ilə başlayıb. Təcrübəli quramaçıların müşahidəsi ilə İçərişəhər və Qala qoruqlarının bir neçə məkanında kiçik parça hissələrindən tikilən quramanın hazırlanmasında paytaxt sakinləri, turistlər və idarənin əməkdaşları iştirak ediblər.

Festival avqustun 7-dək Bakının bir neçə məkanında davam edəcək. “Azərbaycanda xalq sənətkarlığı – qurama” adlı elmi-praktik konfrans, dekorativ tətbiqi sənət nümunələrinin nümayişi və satış yarmarkası, autizm sindromlu uşaqlar üçün qurama məhsullarının hazırlanması, ustad dərsləri və art terapiya, uşaq evlərində məskunlaşan, valideyn himayəsindən məhrum uşaqlar arasında “Öz quramanı yarat” adlı oyun və sair tədbirlər nəzərdə tutulur.

Festival Azərbaycan muzeylərinin fondlarında saxlanılan qurama nümunələri, sənətkarların əl işlərindən ibarət sərgi və bu sənətə həsr olunmuş kitabın təqdimat mərasimi ilə yekunlaşacaq.