Bu il görkəmli aktyor, Xalq artisti Mikayıl Mirzənin (1947-2006) anadan olmasının 75 illiyidir. İyulun 7-də sənətkarın yubileyi doğma yurdu Ağsuda təntənəli şəkildə qeyd edilib.

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mədəniyyət Mərkəzində rayon İcra Hakimiyyətinin dəstəyi ilə gerçəkləşən tədbirdə ictimaiyyət və mədəniyyət xadimləri, Mikayıl Mirzənin sənət dostları, sənətsevərlər iştirak ediblər.

AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xəqani Şirvani adına Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının aparıcılığı ilə keçirilən tədbirdə öncə Mikayıl Mirzənin sənət yolunu, sənətkarlıq həyatının önəmli anlarını əks etdirən fotoslayd nümayiş olunub. Aparıcı sənətkarın ömür yolunun qısa tarixçəsini təqdim edib.

Bildirilib ki, Mikayil Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Ağsu rayonun Talış kəndində anadan olub. 1969-cu ildə Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsini bitirib. SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun kursunda dərs alıb.

Ali təhsili başa vurandan sonra bir müddət institutun Tədris teatrında işləyib. 1976-cı ildən 2000-ci ilə qədər fasilələrlə Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Teatrda aktyor fəaliyyəti ilə yanaşı, 1992-1995-ci illərdə Bakı Mədəni-Maarif Texnikumunun direktoru vəzifəsində işləyib. 1987-ci ildə respublikanın Əməkdar artisti, 1991-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.

Mikayıl Mirzə Azərbaycanın ictimai-siyasi həyatında, o cümlədən 80-ci illərin sonu – 90-cı illərin əvvəldə milli-azadlıq hərəkatında yaxından iştirak edib. 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub. Mikayıl Mirzə 2006-cı il iyunun 3-də vəfat edib. Rkinci Fəxri xiyabanda dəfn olunub.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayon Ağsaqqallar Şurasının sədri Seyfəddin Abdullayev, Milli Məclisin deputatı Tahir Kərimli, Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur və başqaları çıxış ediblər. Çıxışlarda Mikayil Mirzə ilə bağlı xatirələr söylənilib, sənətkarın yaradıcılığından, yaratdığı obrazlardan bəhs edilib.

Sonra Sabir Hüseynovun ifasında “Qarabağ şikəstəsi” səsləndirilib, aktyorun oğlu Mətin Mirzənin müəllifi olduğu “Ağsu” şeirinin klipi nümayiş etdirilib.

Mikayil Mirzə qiraət etdiyi “Qalx ayağa, Azərbaycan!”, “Sizi qınamıram, ay xocalılılar” şeirlərinin lent yazıları, çıxış etdiyi “Aydın” tamaşasının videoyazısından parça iştirakçılar tərəfindən böyük maraqla, alqışlarla qarşılanıb.

Sənətkarın oğlu Mətin Mirzə çıxış edərək təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib, atası barədə xatirələrini danışıb.