Xəbər verdiyimiz kimi, 7-9 iyul tarixlərində Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı keçirilir.

Ənənəvi festival Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.

Pandemiya ilə bağlı iki il (2020-2021) aradan sonra təşkil olunan festivalda bu dəfə xaricdən iştirakçılar olmasa da, Azərbaycanın tanınmış incəsənət kollektivləri tərəfindən zəngin proqram tərtib edilib.

“Marxal” müalicə-istirahət kompleksinin Yay teatrında keçirilən təntənəli açılış mərasimində çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 2010-cu ildən başlayaraq hər il keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının Şəkinin mədəni həyatında böyük hadisə olduğunu diqqətə çatdırıb: “Təəssüf ki, pandemiya səbəbindən iki il bu festivalı təşkil edə bilmədik. Şükürlər olsun ki, bu il yenidən festivalı keçiririk. Şəhərimizin sakinləri və qonaqlar yenə də gözəl bir musiqi bayramının şahidi olacaqlar”.

Elxan Usubov bildirib ki, “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalının açılışı əlamətdar bir tarixə – Şəkidə “Şəhər Günü”nə təsadüf edir. Diqqətə çatdırıb ki, bu günün tarixi 2019-cu il iyulun 7-də Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi ilə bağlıdır.

Festivalın açılış mərasimində F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı geniş konsert proqramı ilə çıxış edib. Ansamblın bədii rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayev, xormeyster Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, baletmeyster Əməkdar artist Ceyhun Qubadovdur. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri, dünya xalqlarının mahnı və rəqsləri ifa olunub.

Festival çərçivəsində iyulun 8-də Şəki şəhər Heydər Əliyev Mərkəzində “Simurq” muğam ansamblının konserti olub.

Xatırladaq ki, festivalda Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, həmçinin “Simurq” muğam ansamblı, “Dərviş” qrupu və Şəkinin “Zirvə” folklor ansamblı iştirak edirlər.

İyulun 9-da festivalın bağlanış konsertində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor – Xalq artisti Fəxrəddin Kərimov) və tanınmış vokalçılar çıxış edəcəklər.