Bu il görkəmli şairə, xeyriyyəçi Xurşibanu Natəvanın (1832-1897) anadan olmasının 190 illiyi qeyd edilir. Dövlət başçısı söz ustadının yubileyi haqqında sərəncam imzalayıb. Xan qızının yubileyi ilə bağlı ölkəmizdə müxtəlif tədbirlər keçirilir.

İctimai Televiziya tərəfindən Natəvan haqqında film çəkilir. Filmin redaktoru Bənövşə Məmmədova qəzetimizə bildirdi ki, film-tamaşa şəklində olan “Xan qızı” adlı ekran əsəri İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında ərsəyə gəlir. 45 dəqiqə nəzərdə tutulan filmin ideyası Bakı Bələdiyyə Teatrının hazırladığı “Xan qızı” tamaşasından yaranıb.

Filmdə akademik Teymur Kərimli, Xalq yazıçısı Elçin, Xalq artisti Mərahim Fərzəlibəyov, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, yazıçı-publisist Mustafa Çəmənli, Natəvanın kötücəsi Sevil Hüseynova və başqalarının Xan qızının irsi ilə bağlı düşüncələri əks olunacaq.

Çəkilişləri Bakıda və Şuşada reallaşan filmdə Bakı Bələdiyyə Teatrının aktyorları rol alıb. Natəvanı Ülviyyə Rza, Xasay bəyi Tural Əhməd, Aleksandr Dümanı Aydın Əliyev canlandırır.

Bədii-sənədli janrda lentə alınan ekran əsərinin quruluşçu rejissoru Elçin Məmmədov, redaktoru Bənövşə Məmmədova, operatorları Taleh Həsənzadə, Tərlan Məmmədov, səs rejissoru Fuad Allahverdiyev, rejissor assistenti Qurban Şirəliyev, işıq üzrə rəssamı Fərid Cəfərov, prodüseri İbrahim Ağazadədir. Film ilin sonunda ekranlara çıxacaq.

Lalə Azəri