Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası və Dubayın «Atlantes Holadeys» şirkətinin birgə əməkdaşlığı artıq öz bəhrəsini verir. Xatırladaq ki, bu ilin aprelində Bakıda keçirilən X Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər («AİTF-2011») sərgisi çərçivəsində bu əməkdaşlıqla bağlı sənəd imzalanıb. Sənədə əsasən, Dubayda Azərbaycanın turizm üzrə təmsilçiliyi yaradılıb.
   AZTA sədri Nahid Bağırovun sözlərinə görə, təmsilçilik «Atlantes Holadeys» şirkətinin dəstəyi ilə Dubayda və digər İran körfəzi ölkələrində Azərbaycan turizminin təbliği istiqamətində işlər görür: “Azərbaycan üçün turizm baxımından bir neçə ölkə və region xüsusi maraq kəsb edir. İran körfəzi ölkələri, o cümlədən Dubay Əmirliyi də prioritet təşkil edən ölkələr sırasındadır. Nümayəndəlik bütün imkanlardan istifadə etməklə, ərəb ölkələrində Azərbaycanın turizm potensialı haqqında mütəmadi olaraq məlumatlar yayır. Əməkdaşlıq sənədinin bir ili tamam olmasa da, biz artıq ərəb ölkələrindən çoxsaylı insanların gəlişini gözləyirik».
   Assosiasiya sədri bildirdi ki, ərəb ölkələrindən gələn turistlər əsasən Azərbaycanın regionlarında dincəlməyi sevirlər. Qeyd edək ki, «Atlantes Holadeys» şirkətinin İdarə Heyətinin sədri Rəşid əl Nuri də Azərbaycanın Dubay üçün maraqlı turizm istiqaməti olduğunu bildirib: “Azərbaycanı maraqlı bir turizm ölkəsi olaraq təkcə Dubayda deyil, həm də körfəz ölkələrində layiqincə tanıtmağa çalışırıq. Dubay vətəndaşları üçün Azərbaycan təbiəti həqiqətən cənnətdir».

Fəxriyyə Abdullayeva