Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Turizm İnstitutunun nəzdində yaradılmış Bakı Turizm Peşə Məktəbinə ilk şagird qəbulunun fevral ayında keçirilməsi nəzərdə tutulur. Turizm İnstitutunun prorektoru Eldar Aslanovun sözlərinə görə, ilkin mərhələdə - fevral ayında 150-200 nəfərin turizm ixtisası üzrə peşə məktəbinə qəbulu həyata keçiriləcək. Yay aylarında isə 300-350 nəfərin məktəbə qəbul edilməsi nəzərdə tutulur: «Nazirlər Kabineti ilkin peşə ixtisaslarının siyahısını təsdiqləyib. Peşə məktəbində turoperator, turagent, hotellərdə xidmətçi, aşpaz, qənnadçı-şirniyyatçı, ofisiant, barmen-ofisiant, dağ xizək turizmi üzrə bələdçi, ekoturizm bələdçisi, milli turizm bələdçisi və s. ixtisaslar üzrə kadrlar hazırlanacaq. Ümumilikdə isə peşə məktəbində 4 istiqamət, 12 ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək».
   Prorektor bildirdi ki, fevralda məlum səbəblərdən bütün ixtisaslar üzrə qəbul aparmaq mümkün olmayacaq: «İlk növbədə iaşə xidmətləri ixtisas qrupuna daxil olan 6 ixtisas üzrə qəbul aparmaq məcburiyyətində olacağıq. Yayda isə digər ixtisaslar üzrə qəbul aparılacaq».
   Qeyd edək ki, Nazirlər Kabinetinin 2011-ci il 6 dekabr tarixli qərarı ilə Bakı Turizm Peşə Məktəbi 11 saylı Peşə Liseyinin bazasında yaradılıb.

  Fəxriyyə Abdullayeva