"Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı Bakıdakı hotellərdə xidmətlərin səviyyəsinin yüksəldilməsi üçün treninqlərin keçirilməsi nəzərdə tutulur. Bunu jurnalistlərə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib. Onun sözlərinə görə, treninqlərin gələn ilin fevral-aprel aylarında keçirilməsi planlaşdırılır.
   A.İsmiyev hazırda "Eurovision"a gələcək qonaqlara xidmət göstərmək üçün şirkətlər arasında seçim aparılıb-aparılmayacağı ilə bağlı hər hansı mexanizmin hazırlanmadığını da qeyd edib. Onun fikrincə, normal fəaliyyət göstərən turizm şirkətləri "Eurovision"a gələcək qonaqlara xidmət göstərə biləcəklər.
   Şöbə müdiri qeyd edib ki, turizm sektorundakı rəqabət Azərbaycandakı turist şirkətlərinin sayının azalması ilə nəticələnəcək: «Bir neçə il əvvəl Azərbaycanda turizm şirkətlərinin sayı 250-300-ə çatmışdı, indi isə bu rəqəm 200 ətrafındadır. Turizm şirkətlərinin normal fəaliyyət göstərməsi üçün onların maddi imkanlarının böyük olması da vacibdir. Belə ki, şirkətlərin öz turizm xidmətlərini reklam etməsi üçün vəsaitləri, avtobusları, təyyarələr icarə etmək və s. imkanları olmalıdır».

  Fəxriyyə Abdullayeva