Xəbər verdiyimiz kimi, 15-16 avqust tarixlərində Cenevrə şəhərində BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 107-ci sessiyası çərçivəsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya üzrə Azərbaycan Respublikası Hökumətinin dövri məruzəsinin təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə  aidiyyəti dövlət qurumları nümayəndələrindən ibarət heyət iştirak edib.

Nümayəndə heyətində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli  də yer alıb.

Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən interaktiv dialoq zamanı Azad Cəfərli BMT komitəsinin üzvləri tərəfindən ünvanlanan sualları cavablandırıb.

Komitə üzvləri Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülük dəyərlərinin qorunub saxlanılması istiqamətində həyata keçirilən ardıcıl tədbirləri müsbət dəyərləndiriblər.

Sessiyada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) fəaliyyəti də təqdir edilib. Mərkəzin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə ölkəmizin çoxmillətli ölkə olduğu diqqətə çatdırılıb.

BBMM-in ölkədə multikultiralizm dəyərlərinin təşviqi, mədəni, dini və linqvistik müxtəlifliyin qorunub saxlanılması sahəsində səmərəli fəaliyyəti barədə məlumat verilib. Komitə üzvləri görülən işləri yüksək qiymətləndiriblər. BBMM-in ölkə daxilində fəaliyyəti, Azərbaycandakı müxtəlif etnik qruplarla bağlı layihələri və digər suallar da nümayəndə heyəti tərəfindən ətraflı cavablandırılıb.