Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Estoniyada fəaliyyət göstərən “Avşar” kukla teatrının bədii rəhbəri Əməkdar artist Rauf Avşarovla görüşüb.

Komitə sədri Azərbaycan mədəniyyətinin Estoniyada təbliğ olunması istiqamətində həmyerlimizin gördüyü işləri yüksək qiymətləndirib, Estoniyadakı diaspor təşkilatlarının, Tallin şəhərindəki Azərbaycan Evinin həyata keçirdiyi işlərdən danışıb. O, həmçinin komitə tərəfindən mədəniyyət sahəsində maraqlı layihələrə hər zaman dəstək göstərildiyini diqqətə çatdırıb.

Əməkdar artist 1996-cı ildə təsis etdiyi “Avşar” kukla teatrının fəaliyyəti barədə ətraflı məlumat verib və gələcək planlarına dair fikirlərini bölüşüb.

Bu il 70 yaşını qeyd edən Rauf Avşarovun fəaliyyətinin Azərbaycan dövləti tərəfindən daim yüksək qiymətləndirildiyini deyən F.Muradov onun 2006-cı ildə Azərbaycanın “Əməkdar artisti” fəxri adına layiq görüldüyünü bildirib. Vurğulayıb ki, Dünya Azərbaycanlılarının V Qurultayı ərəfəsində Prezident İlham Əliyevin 21 aprel 2022-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Komitə sədri “Tərəqqi” medalını sənətkara təqdim edib, yaradıcılıq uğurları arzulayıb. Qeyd edək ki, R.Avşarov xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə bu təltifə layiq görülüb.