Bu il XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, ilk qadın Xalq şairimiz, tərcüməçi Mirvarid Dilbazinin (1912-2001) anadan olmasının 110 illiyidir.

“Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi” və digər kitabların müəllifi olan Mirvarid Dilbazi uşaq və yeniyetmələr üçün də çoxlu əsərlər yazıb. Onun “Nağıllar”, “Şeirlər”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Bahar nəğmələri”, “Lalənin ağacları”, “Abşeron bağlarında” kitabları uşaqlar tərəfindən maraqla qarşılanır.

Şairə həmçinin Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Samuel Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini dilimizə tərcümə edib.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən şairənin yubileyi münasibətilə “Mirvarid Dilbazi” adlı virtual sərgi hazırlanıb.
Kitabxanadan bildirilib ki, virtual sərgidə Mirvarid Dilbazi haqqında rəsmi sənədlər, fotolar, kitablar və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Mirvarid_Dilbazi/index.htm