Fransada Adilə Əliyeva adına XVII Beynəlxalq Musiqi Müsabiqəsi keçirilib. Üç yaş kateqoriyasında (22-45 yaşlı peşəkarlar, 14-21 yaşlı gənc ifaçılar və 6-13 yaşlı şagirdlər) təşkil olunan ənənəvi musiqi layihəsinə Azərbaycan, Belarus, Tailand, Çin, Rusiya, Oman və digər ölkələrdən iştirakçılar öz ifalarını əks etdirən videoyazılarını göndəriblər. Müsabiqənin münsiflər heyətində ABŞ, Fransa, Avstriya, Polşa və Hollandiyadan mütəxəssislər təmsil olunub.

Ümumi mükafat fondu 30 min avro, Qran-pri mükafatının məbləği 15 min avro olan müsabiqə üç (piano, kamera musiqisi və ənənəvi musiqi) istiqamət üzrə gerçəkləşib.

15-30 iyul tarixində keçirilən builki müsabiqədə də paytaxt və bölgələrimizin bir sıra musiqi məktəblərinin şagirdləri iştirak edərək uğur qazanıblar.

Qeyd edək ki, 1996-cı ildən təşkil edilən müsabiqəyə son illərdə Heydər Əliyev Fondu da dəstək verir. 2021-ci ildə beynəlxalq müsabiqə Vətən müharibəsində şanlı Qələbəmizə həsr edilmişdi.

Müsabiqənin fəxri prezidenti fransız klassik bəstəkar və dirijoru, Fransa İnstitutunun üzvü Laurent Petitgirard, münsiflər heyətinin sədri Azərbaycanın Əməkdar artisti, Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru Adilə Əliyevadır.

Xatırladaq ki, görkəmli pianoçu, pedaqoq Adilə Əliyeva Bakıda anadan olub. Bülbül adına Orta İxtisas Musiqi Məktəbini və Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. 50-dən çox ölkədə konsertləri təşkil edilib, məşhur səsyazma studiyalarında 30-dan artıq kompakt diski yazılıb.

Soydaşımızın konsert proqramlarına məşhur Azərbaycan bəstəkarlarının da əsərləri daxildir. O, “Raxmaninov konsertlərinin ən yaxşı ifaçısı” mükafatına layiq görülüb. Həmçinin, bu il Prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncamla “Dostluq”, Fransa Prezidenti Emmanuel Makronun iyulun 13-də imzaladığı fərmanla isə “Fəxri Legion” ordeni ilə təltif olunub.

Fransanın Annemas şəhərində yaşayan Adilə Əliyeva 2001-ci ildən Fransa Beynəlxalq Musiqi Akademiyasının direktorudur.

Nurəddin