Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 21 avqust – Beynəlxalq Terrorizm Qurbanlarının Anım Günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib.

Müraciətdə diqqətə çatdırılır ki, Beynəlxalq Terrorizm Qurbanlarının Anım Günü BMT Baş Assambleyasının 2017-ci il 19 dekabr tarixli qətnaməsinə əsasən təsis edilib və hər il 21 avqust tarixində dünyada qeyd olunur. Bu günün əsas məqsədi terror qurbanlarına və ondan zərər çəkənlərə ehtiram göstərmək, onlara dəstək olmaq, hüquq və əsas azadlıqlarının qorunmasına və tam şəkildə həyata keçirilməsinə təkan verməkdir.

“Ermənistanın etnik nifrət zəmnində həyata keçirdiyi terror siyasətindən uzun müddət əziyyət çəkərək çoxsaylı insan tələfatları vermiş bir ölkənin Ombudsmanı olaraq, terrorizmin bütün formalarını qətiyyətlə pisləyir, terror qurbanlarının xatirəsini ehtiramla yad edir və dünya ictimaiyyətini terrorizmin qarşı birgə mübarizədə fəal olmağa çağırırıq!”, – deyə müraciətdə vurğulanır.