“Sea Breeze Resort”da Rusiyada yaşayan müğənni soydaşlarımız Xalq artisti Emin və Cahid Hüseynlinin (Jony) “Aylı gecə” kliplərinin təqdimatı keçirilib.

Ölkəmizdə lentə alınan klipin söz və musiqisi ifaçıların özünə məxsusdur. Aktrisa Alyona Anisimova və aktyor Corc Qafarovun rol aldığı klipin rejissoru Samir Tahirovdur.

Jony təəssüratlarını bölüşərək deyib: “Bugünkü axşam mənə hədsiz gözəl emosiyalar verdi. Vətənimdə daha çox konsertlər verməyi, çıxış etməyi arzulayıram. “Baku Crystal Hall”da bir proqram təqdim etmək istərdim”. Müğənni qeyd edib ki, onun yaradıcılıq uğurlarında Eminin böyük əməyi var. “O, hər zaman bizə dəstəkdir. Ondan öyrənirəm və hər zaman təcrübələrini bölüşür. Dostluğumuzu çox yüksək qiymətləndirirəm və növbəti birgə layihəmizi təqdim etməkdən məmnunam. İnanıram ki, Eminlə yeni mahnımız hitə çevriləcək”.

Təqdimatda çıxış edən Xalq artisti Emin diqqətə çatdırıb ki, Jony istedadlı ifaçıdır. Bu ilin iyul ayında Bakıda keçirilən konserti zamanı o əmisi Xanhüseyn Hüseynovun repertuarından “Sən şamsan əgər” mahnısını ifa etdi: “Bu, tamaşaçılara və yaxınlarına əsl sürpriz idi ona görə ki, ifaçı mahnının sözlərini həmçinin rus dilinə də tərcümə edib. Çox sevindirici haldır ki, bu gün Bakıda, Xəzər sahilində çəkilmiş ikinci birgə klipimizi təqdim edirik. Bu mahnıda sevənlərə xoşbəxtlik qığılcımı və gözəl əhval-ruhiyyə bəxş etmək istədik. Ümid edirik ki, mahını və klipi izləyənlər yay fəslində vətənimizə səyahət etmək istəyəcəklər”.

Lalə