“Şuşa İli” çərçivəsində İstanbul Universitetində beynəlxalq simpozium keçirilib

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi və İstanbul Universitetinin birgə təşkilatçılığı ilə noyabrın 4-də “Şuşa, Paris və İstanbulun ortaq dəyəri: Əhməd bəy Ağaoğlu” mövzusunda beynəlxalq simpozium keçirilib.

“Şuşa İli” çərçivəsində “Şəxsiyyətli şəhərin şəxsiyyətləri” layihəsi üzrə ərsəyə gələn tədbir İstanbul Universitetində gerçəkləşib.

Simpoziumda Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya həsr edilən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Anar Kərimov Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin bütün sahələrdə, xüsusilə mədəniyyət sahəsində uğurla inkişaf etdiyini qeyd edib. İki ölkə arasında çoxşaxəli mədəni əməkdaşlığın müntəzəm olaraq genişlənən və dərinləşən möhkəm özülə əsaslandığını vurğulayan nazir simpoziumun əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, yazıçı-publisist, hüquqşünas, şərqşünas-islamşünas Əhməd bəy Ağaoğlunun (1869-1939) timsalında iki ölkənin aydınlarının Türk dünyasının parlaq gələcəyi uğrunda birgə mücadiləsi indiki və gələcək nəsillər üçün bariz bir örnəkdir. O, milli heysiyyətini hər şeydən uca tutan millət fədaisidir. Azərbaycanda “Həyat”, “İrşad”, “Tərəqqi”, Türkiyədə “Anadolu agentliyi”, “Türk sözü”, “Akın” qəzetlərinin qurucusudur. Əhməd bəy Ağaoğlu Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, Türkiyə Böyük Millət Məclisinin üzvü olub.

Anar Kərimov deyib ki, Əhməd bəy Ağaoğlu Qarabağın tacı Şuşada dünyaya göz açıb, şöhrəti Avropanın elmi çevrələrində Fransada, İngiltərədə dolaşıb: “Onun çoxtərəfli fəaliyyətində və əsərlərində milli varlığın, milli şüurun özəllikləri ehtiva olunub. Əhməd bəy Ağaoğlunun siyasi-fəlsəfi publisistikasında tarixin müxtəlif mərhələlərində xalqımıza qarşı soyqırımı, talançılıq törətmiş erməni şovinizminə qarşı mübarizə önəmli yer tutur. Müəllifin yazılarında erməni şovinizminin rəhbər tutduğu və inadla həyata keçirdiyi mürtəce milli-tarixi proqramın qlobal motivləri, ideya kökləri, dini, irqi və sosial əsasları təfsilatlı elmi şərhini tapıb. İlk dəfə erməni zalımlığına qarşı Azərbaycan türklərinin dirənişini, təşkilatlanmasını Əhməd bəy Ağaoğlu təmin edib. XX yüzillikdə erməni barbarlığına qarşı milli düşüncənin hərbi, silahlı bir güclə qaynayıb-qarışmasının ilk örnəyini “Difai”nin (müdafiə) timsalında 1906-cı ildə Əhməd bəy Ağaoğlu yaradıb. İrəvanın Azərbaycanın tərkibindən alınıb Ermənistana verilməsinin əleyhinə səs vermiş üç nəfərdən biri Əhməd bəy idi. O, 1905-ci ildə Bakıda və başqa şəhərlərdə erməni separatçıların törətdiyi vəhşiliklər barədə həqiqətləri daim anti-müsəlman və ermənipərəst mövqedə olan “Sankt-Peterburqskie vedomosti” qəzetində belə çap etdirə bilib”.

Anar Kərimov məruzəsində Əhməd bəy Ağaoğlunun Türkiyədəki çoxşaxəli fəaliyyətinə də diqqət çəkib, onun iki ölkənin inkişafı üçün misilsiz xidmətlərini qeyd edib.

Simpoziumda çıxış edən Türkiyə Prezidentinin baş müşaviri və mətbuat katibi İbrahim Kalın “Şuşa İli” çərçivəsində Əhməd bəy Ağaoğluna həsr olunmuş tədbirdə iştirakından qürur duyduğunu deyib. Bildirib ki, bu gün Türkiyə və Azərbaycan arasında olan münasibətlər Əhməd bəy Ağaoğlunun arzuladığı şəkildə inkişaf edir. O, siyasi-iqtisadi sahədə dərinləşən münasibətlərin məhz mədəni əlaqələr vasitəsilə daha da güclənəcəyini vurğulayıb: “Əhməd bəy Ağaoğlu və onun müasirlərinin başlatdığı mücadilə və Türk dünyasının həmrəyliyi təşəbbüsləri bu gün türk respublikalarının liderləri vasitəsilə reallığa çevrilir”.

İbrahim Kalın Şuşanın 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilməsi münasibətilə ölkəmizə təbriklərini çatdırıb. O, Şuşanın tarixi-mədəni zənginliklərinin öyrənilməsi və tanıdılması məqsədilə gələn il Türkiyədən elm adamlarının və tələbələrin mədəniyyət paytaxtımıza səfərlərinin təşkil edilməsinin əhəmiyyətini vurğulayıb.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar “İki dövlətin bir vəkili: Əhməd bəy Ağaoğlunun portreti” mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra beynəlxalq simpozium iki hissədən ibarət panel iclaslarla davam etdirilib.

İstanbul Universiteti rektorunun müavini, professor İlyas Topsakalın moderatorluğu ilə keçirilən ilk paneldə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin sədri, professor Aygün Attar “İki dövlətin bir vəkili: Əhməd bəy Ağaoğlunun siyasi portreti”, diplomat, ədəbiyyatşünas, professor Vilayət Quliyev “Fransız və rus mediasında Əhməd Ağaoğlu”, Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru Fərhad Cabbarov “Ağaoğlunun erməni-azərbaycanlı münaqişəsi (1905-1906) dövründə fəaliyyəti” mövzularında məruzələri dinlənilib.

Panelin Aygün Attarın moderatorluğu ilə keçən ikinci hissəsində İstanbul Universitetinin professoru Halil Balın “Qafqaz İslam Ordusu siyasi müşaviri: Ağaoğlu Əhməd bəy”, Əhməd Ağaoğlu Milli Araşdırma Dərnəyinin rəhbəri Nigar Axundovanın “Ağaoğlunun mirasının öyrənilməsi və tanıdılması: problemlər və hədəf”, türkiyəli vəkil Ural Akküzüm “Sobronlu bir türkçü: Əhməd bəy Ağaoğlu” mövzularında məruzələrlə çıxış ediblər.

Simpoziumun sonunda Anar Kərimov tərəfindən İbrahim Kalına Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən təsis olunan “Şuşa – 270” xatirə nişanı təqdim edilib.