Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə noyabrın 9-da ölkəmizin Latviyadakı səfirliyi tərəfindən Riqada Zəfər Gününə və “Şuşa İli”nə həsr olunmuş konsert keçirilib. Tədbir Latviya Milli Kitabxanasında təşkil olunub.

Tədbirdə Latviyanın sabiq prezidenti Andris Berzinş, Latviya dövlət qurumlarının rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik korpusun, elm, incəsənət, ictimai dairələrin nümayəndələri, Latviyadakı Azərbaycanı diasporunun üzvləri, eləcə də tələbələr iştirak ediblər.

Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov tədbirdə çıxış edib. O diqqətə çatdırıb ki, Azərbaycan xalqı Zəfər Gününü müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən ərazilərimizin Ermənistanın 30 illik hərbi işğalından azad edilməsi, ədalətin və beynəlxalq hüququn bərqərar olması günü kimi hər il noyabrın 8-də qürurla qeyd edir. Səfir qeyd edib ki, Vətən müharibəsinin zirvə nöqtəsi olaraq 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi xalqımızın və Şanlı Ordumuzun qəhrəmanlıq ruhunun təntənəsinə çevrilib. Diplomat torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.

Səfir Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan olunduğunu, bu il Şuşa şəhərinin salınmasından 270 il keçdiyini və bugünkü tədbirin həm də Azərbaycanın mədəniyyət paytaxtı olan “Şuşa İli”nə həsr olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Latviya Prezidenti Eqils Levits iyunun 16-da Bakıda keçirilən IX Qlobal Bakı Forumunda çıxışında 2022-ci ilin “Şuşa İli” elan edilməsinin bu ili xüsusiləşdirdiyini vurğulayıb. Diplomat bildirib ki, keçirilən mədəni tədbirlər iki ölkə arasında sıx dostluq əlaqələrini daha da gücləndirir.

E.Sultanov Şuşanın Azərbaycan mədəniyyətinə böyük şəxsiyyətlər bəxş etdiyini ifadə edərək 2022-ci ildə həm də Qarabağın tanınmış musiqiçi nəslindən olan böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyinin qeyd olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, dahi bəstəkarın yubileyi UNESCO-nun yubileylər siyahısına daxil edilib və bu konsert həm də Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunub.

Səfir, həmçinin noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü olaraq qeyd edildiyini vurğulayaraq bu münasibətilə də Latviyada yaşayan həmvətənlilərimizi təbrik edib.

Daha sonra konsert proqramı təqdim olunub. Azərbaycanın Əməkdar artistləri – tarzən Sahib Paşazadə, vokalçı İlham Nəzərov və respublika və beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadə Azərbaycan və Latviya bəstəkarlarının əsərlərini ifa ediblər. Konsert alqışlarla qarşılanıb.