Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və layihəsi, Azərbaycanın Mədəniyyət Nazirliyi, iki ölkənin Yazıçılar birlikləri və digər qurumların dəstəyi ilə bu ilin mart ayında start verilən layihə üzrə Azərbaycanın və Özbəkistanın gənc şairlərinin “Məclisi-fəramuşan” adlı növbəti poeziya görüşü keçirilib.

Onlayn formatda keçirilən poeziya görüşündə AMM-nin direktoru Samir Abbasov “Şuşa İli” ilə əlaqədar gerçəkləşən layihə  haqqında məlumat verib. Bildirilib ki, Azərbaycan və özbək şairlərinin iştirakı “Məclisi-fəramuşan” məclisinin ilk toplantısı aprel ayında Şuşa şəhərində keçirilib. Gələn il Azərbaycan Mədəniyyət Nazirliyi və Ankaradakı Türk Tarixi və Mədəniyyəti Vəqfinin dəstəyi ilə sözügedən məclisinin xüsusi yığıncağı Şuşada bütün türk dövlətlərinin iştirakı ilə təşkil ediləcək.

S.Abbasov “Şuşa İli” çərçivəsində AMM-nin layihəsi ilə böyük şairə Xurşidbanu Natəvanın əsərlərinin Azərbaycan və özbək dillərində nəfis şəkildə nəşr edildiyini bildirib. 2022-ci il “Məclisi-fəramuşan” şairlər yığıncağına qoşulan iki ölkə şairlərinin əsərlərinin də növbəti ildə nəşr olunacağı diqqətə çatdırılıb.

Özbəkistan Ali Məclisinin deputatı, Xalq şairi İqbal Mirzə bu tarixi layihənin bərpası və təşəbbüsə görə AMM-yə təşəkkürünü bildirib. O, növbəti il tədbirin Türk dünyası şairlərinin iştirakı ilə Şuşada keçirilməsini tarixi hadisə kimi dəyərləndirib.

Azərbaycanın Xalq şairi Vahid Əziz, Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabbarov iki ölkə şairlərinin ədəbi ünsiyyətinə zəmin olan layihənin əhəmiyyətindən söz açıblar.

Sonra iki ölkənin şairləri şeirlərini oxuyub və fikirlərini bölüşüblər.