Azərbaycan milli mətbuatının inkişafında görkəmli publisist, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin (1872-1937) xüsusi xidmətləri var. Bu il onun 150 illiyi dövlət səviyyəsində qeyd edilir. Yazıda Ö.F.Nemanzadənin “Şərqi-Rus” qəzetindəki fəaliyyəti haqqında söz açacağıq.

“Şərqi-Rus” qəzetinin ilk nömrəsi 1903-cü il 30 mart (yeni təqvimlə 12 aprel) tarixində Tiflisdə Məhəmməd ağa Şahtaxtlının naşirliyi və redaktorluğu ilə işıq üzü görüb. Birinci nömrədə qeyd olunurdu ki, “Şərqi-Rus” cəmiyyət işlərinə və ədəbiyyata məxsus çərşənbə, cümə və bazar günləri çıxan bir türk qəzetidir. Digər anadilli mətbu orqanlarımız kimi, bu qəzetin də başlıca məqsədi türk-müsəlman əhalisini maarifləndirmək olub. Məhz buna görə də qəzetin səhifələrində dünyəvi elmlərlə bərabər, ana dili və qadın azadlığı ilə bağlı maraqlı yazılar dərc olunub. Qəzet ətrafına Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi və digər mütərəqqi fikirli ziyalıları cəmləşdirmişdi.

***

1903-cü ildə “Şərqi-Rus”un redaksiyasında C.Məmmədquluzadə ilə görüşü Nemanzadənin gələcək fəaliyyətində mühüm rol oynayır. O, həyatının “Şərqi-Rus”a qədərki dövrünü sonralar belə xarakterizə edirdi: “1893-1903-cü ilə kimi olan on ildə Axalsıxda, Şəkidə, Şamaxıda, Gəncədə, Bakıda və daha başqa yerlərdə olduğum vaxtlarda gördüyüm, eşitdiyim ictimai və siyasi yaraların acısı hələ ürəyimdən çıxmamışdı. Lakin iki-üç cür senzorun gözü qarşısında siyasi istibdaddan, hökumətin zülmündən açıq yazmaq çətin idi. Buna görə də hələlik siyasi istibdadı pərdələyib ona yol verən ruhani və dini istibdadın əleyhinə yazmağı lazım bilirdim”.

“Şərqi-Rus” uzun illərdir onu narahat edən problemləri işıqlandırmaq üçün tribunaya çevrilmişdi. Mərhum ədəbiyyatşünas, Nemanzadə irsinin araşdırıcısı, professor Şamil Qurbanov Ö.F.Nemanzadənin bu qəzetdəki fəaliyyəti barədə yazırdı: “Redaktorun və onun qəzetə cəlb etdiyi din xadimlərinin təzyiqinə baxmayaraq, Ömər Faiq “ürəyinin arzularını boşaltmağa” çalışır və çox vaxt buna nail olurdu. Doğrudur, bunlar ona bəzən baha başa gəlirdi: ya din xadimlərinin məzəmməti, küfr və lənəti ilə qarşılaşır, ya da M.Şahtaxtlı ilə münasibəti kəskinləşir, hətta redaksiyadan uzaqlaşdırılır, öz sözləri ilə desək, qovulurdu”.

Ömər Faiqin toxunduğu mövzular mollaların məscidlərdə ərəbcə deyil, xalqın başa düşəcəyi türkcə (Azərbaycanca) xütbələr oxuması, qadınlara edilən zülmün aradan qaldırılması, türk dilinin inkişafı ilə bağlı idi. 1904-cü ilin sentyabrında qəzetdə dərc etdirdiyi “Biz də vaxta görə çalışaq” adlı silsilə məqalələrində milli dərdlərdən, milli ehtiyaclardan ürək yanğısı ilə, vətəndaş qeyrəti ilə bəhs edirdi: “Zaman dəyişir, dünya dəyişir, hər şey dəyişir, hər millət dəyişir, hər zərrə dəyişir”. O, doğma xalqının nümayəndələrinə də dəyişməkdə olan zəmanəyə uyğunlaşmağın vacibliyini göstərirdi. Lakin “hər kəsin getməkdə olduğu təzə üsulun, təzə yolun” müsəlmanlara təsir etdiyini görəndə ürəkağrısı ilə deyirdi: “Qiyamətə qədər kor gəlib, kor gedəcəyik, qafil doğulub, qafil öləcəyik? Boynumuzdakı bu ağır cəhalət zəncirlərini, qəflət yüklərini məhşərə qədərmi sürükləyib götürəcəyik”.

Ömər Faiq dəyişmək üçün xalqın birliyinin, həmrəyliyinin, biri-birinə əl tutmasının vacibliyini qeyd edərək “Bu böyük Qafqazın bir şəhərində bir cəmiyyəti-xeyriyyəmiz yox, bir təb şirkətimiz yox... yox... yox! Həmişə bir yoxluqda üzürük... Xülasə bizi adam edəcək, bugünkü qəflətdən qurtaracaq, bar-bar bağırdığımız mədəniyyətə daxil edəcək bir vasitə, bir səbəb varsa, o da ancaq məktəblər, mədrəsələr və mətbuatdır, bir sözlə, maarifdir. Özgə hər dürlü səy və fikir boşdur, əsassızdır”, – deyə yazırdı.

Ömər Faiqin maarifçi mövqeyinin özündə bir cəsarət, bir mübarizlik, geniş fəaliyyət göstərmək, faydalı iş görmək əzmi vardı. Bu cəhətlər onun “Şərqi-Rus”da imzalı və imzasız dərc olunmuş bütün məqalə, şeir və hekayətlərində hiss olunur və müasirlərinə ciddi təsir edirdi.

Görkəmli maarifçi, pedaqoq, ədəbiyyatşünas Firidun bəy Köçərli 1903-cü ildə “Tiflisski listok” qəzetində “Şərqi-Rus”a həsr etdiyi məqalədə Ömər Faiqin burada dərc olunan yazılarını xüsusi rəğbətlə qarşıladığını bildirmişdi: “Cənab Faiq Nemanzadənin “Dərdimiz və dərmanımız” ümumi sərlövhəsi altında gedən məqalələri çox kəskin və cəsarətlə yazılmışdır”.

Bu məqalələrdə də Ömər Faiq maarifçilikdən əlavə, şəxsiyyət azadlığı, söz azadlığı məsələlərini qoyur, elmin, yeniliyin əhəmiyyətindən danışır, “hər millət mərifət ilə yaşar, cəhalət ilə yox olar” deyirdi. “Dərdimiz və dərmanımız” sərlövhəli silsilə məqalələrin birində o yazırdı: “Bir çox qəzet oxuyanlarımız var, amma özlərindən bir qəpik pul verib alıb oxumaq istəmirlər. Toylarda, məclislərdə “Mənim də adımı çəksinlər” fikri-cahilanəsi üçün pul yağdırırlar. Lakin qəzet, kitab üçün iki qəpik verməyə alışmamışlar. Hasilə, bu gün hər cürə halımızla keçmiş islam maarif qəbiristanının məzar daşları hökmündə yalnız bir boy göstərirsiz... Bununla bərabər, aramızda iş görən fazillərimiz, məktəblərə, xəlayiqə kömək, yardım edən dövlətlilərimiz, qəzet-kitab qədrini bilən oxuyanlarımız az deyil. Amma qonşularımıza, zəmanəyə, ehtiyaca görə çox azdır... Bizlər hələ cəhalətin qurbanı, avropalıların nökəri, daha açığı, qonşularımızın sağılan inəyi mənzilində, məzəllətində qalmışız”.

***

1905-ci ilin yanvarında “Şərqi-Rus” qəzeti maliyyə çətinliyi üzündən bağlanır və M.Şahtaxtlı mətbəəni satmaq qərarına gəlir. Bu elə bir dövr idi ki, Rusiyadakı inqilab havası imperiyanın ucqarlarına, o cümlədən Qafqaza da yayılmışdı. Xüsusən zəngin tarixi və siyasi mübarizə ənənələri olan Bakı və Tiflis kimi şəhərlərdə fəhlə sinfi öz azadlığı uğrunda üsyana qalxmış, geniş xalq kütləsində mübarizə əzmi oyatmışdı.

Belə həssas dönəmdə “Şərqi-Rus”un bağlanması və onun mətbəəsinin satışa qoyulması Ömər Faiqlə Mirzə Cəlilin birgə fəaliyyətinin yeni dövrünə yol açdı. Onlar məhz “Rusiya inqilabi hərəkatından doğmuş bir inqilab yavrusu” (Ömər Faiqin ifadəsi) olan “Molla Nəsrəddin” kimi ölkəmiz üçün tamamilə yeni olan ilk satirik jurnalı yaratmağa və dövrün əsas demokratik qüvvələrini ətrafına toplamağa imkan əldə etdilər. Bu haqda Nemanzadə xatirələrində yazır: “Çoxdan həsrətini çəkdiyim türk mətbəəsinin alverçilər əlinə düşüb dağılmasına heç bir surətdə razı olmamağımı, nə yolla olur olsun, onu saxlamaq gərəkliyini Mirzə Cəlilə dedim. Cəlil gülüb: “Çox əcəb, sözüm yox. Lakin Məhəmməd ağa söz yox ki, pul istəyəcək. O da ki nə səndə, nə məndə. Bir də, Faiq, Məhəmməd ağa bilsə ki, mətbəə sənin əlinə keçəcəkdir, qorxuram bizə heç verməyə”. Dedim: “Mənim adımı çəkmə sən. Məhəmməd ağanı bir az vaxt dayandır, pul tapacağına söz ver, qorxma!”. 

Daha sonra C.Məmmədquluzadə və Ö.F.Nemanzadə mətəədən gələcəkdə istifadə etmək niyyəti ilə bir qədər pulu olan üçüncü yoldaş axtarmağa başlayırlar. Belə bir adamı Ömər Faiq özü tapır. O zaman naxçıvanlı tacir Məşədi Ələsgər Bağırov Tiflisdə alış-verişlə məşğul olurdu. Ömər Faiq ondan bir qədər borc pul alır. Həm mətbəəni alır, həm də “Molla Nəsrəddin” dərgisinin xərclərini öz öhdəsinə götürür. Yeni mətbəə “Qeyrət” adı ilə 1905-ci ilin mart ayında fəaliyyətə başlayır. Mətbəənin ən böyük nailiyyəti isə, sözsüz ki, “Molla Nəsrəddin” jurnalının nəşri idi.

Beləliklə, “Şərqi-Rus”dan sonra “Molla Nəsrəddin” jurnalı Ömər Faiq və qələmdaşlarının mübarizə meydanına çevrilir...

Nurəddin Məmmədli