Azərbaycan

 

24 dekabr 1872 – Yazıçı-publisist, pedaqoq Ömər Faiq Nemanzadə (1872 – 10.10.1937) Gürcüstanda, Ahıska (Axalsıx) qəzasının Azqur kəndində doğulub. “Şərqi-rus” qəzetinin, “Molla Nəsrəddin” jurnalının yaradıcılarındandır. Gürcüstanda və Azərbaycanda xalq maarifi sahəsində çalışıb, repressiya qurbanı olub.

24 dekabr 1926 – Əməkdar artist, balaban və klarnet ifaçısı Bəhruz Mahmud oğlu Zeynalov (1926 – 25.5.1998) Bakıda anadan olub.

24 dekabr 1939 – Şair, yazıçı, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Məmməd Muxtar oğlu Aslan (1939 – 23.9.2015) Kəlbəcər rayonunun Laçın kəndində doğulub. Kitabları: “Durnalar lələk salır”, “Ömrün yarı yaşında”, “Saxla izimi, dünya” və s.

24 dekabr 1954 – Xalq artisti Natalya Valeh qızı Tağıyeva (1954 – 16.1.2005) anadan olub. Dövlət Rus Dram Teatrının aktrisası olub, filmlərdə (“Dədə Qorqud”, “Onun bəlalı sevgisi” və s.) çəkilib.  

 

25 dekabr 1896 – Əməkdar incəsənət xadimi, kino istehsalı təşkilatçısı Teymur Əli oğlu Hüseynov (1896-1973) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında 30-dan çox bədii və sənədli filmin direktoru olub.

25 dekabr 1906 – Əməkdar incəsənət xadimi, görkəmli kinorejissor, operator Əlisəttar Ələsgər oğlu Atakişiyev (1906 – 7.11.1990) Bakıda anadan olub. “Bir qalanın sirri”, “Bizim küçə”, “Sehrli xalat”, “İstintaq davam edir” filmlərinə quruluş verib, “O olmasın, bu olsun”, “Uzaq sahillərdə” filmlərinin operatoru olub.

25 dekabr 1906 – Filologiya elmləri doktoru, professor Əli Abdulla oğlu Sultanlı (1906-1960) Naxçıvanda doğulub. Antik ədəbiyyat, Azərbaycan dramaturgiyasının tarixinə dair kitabların müəllifidir.

25 dekabr 1908 – Xalq artisti, teatr rejissoru, aktyor İbrahim (Miribrahim) Tağı oğlu Həmzəyev (1908-1982) Gəncə şəhərində doğulub. 1937-ci ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb, teatrın direktoru, baş rejissoru olub.

25 dekabr 1909 – Xalq artisti, teatr rejissoru Ələsgər Məmmədtağı oğlu Şərifov (1909 – 8.9.1982) Şamaxıda doğulub. Akademik Milli Dram Teatrında çalışıb, “Səbuhi” filmində M.Ş.Vazeh rolunda çəkilib.

25 dekabr 1910 – Tarixçi, Azərbaycan EA-nın müxbir üzvü Zülfəli İmaməli oğlu İbrahimov (1910-1972) anadan olub. Tarix İnstitutunun direktoru (1960-1967) işləyib.

25 dekabr 1923 – Əməkdar incəsənət xadimi, rejissor Hüseyn Musa oğlu Sultanov (1923 – 31.3.1993) Tovuz rayonunda anadan olub. Gəncə Dram, Gənc Tamaşaçılar teatrlarında çalışıb.

25 dekabr 1931 – Azərbaycanda kitabxanaşünaslıq elmi məktəbinin banisi, tarix elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi, Əməkdar elm xadimi Abuzər Alı oğlu Xələfov (1931 – 27.4.2020) Göyçə mahalının (Ermənistan SSR) Cil kəndində doğulub. 50 ildən çox BDU-nun Kitabxanaşünaslıq kafedrasının müdiri işləyib.

25 dekabr 1932 – Əməkdar rəssam Kamal Əmirulla oğlu Səmədzadə (1932-2019) Xızı rayonunda anadan olub. Batika sənət növündə əsərlər yaradıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunda, Dövlət Rəssamlıq Akademiyasında müəllim işləyib.

25 dekabr 1934 – Ədəbiyyatşünas alim, şair-publisist, professor Famil Mehdi (Famil Ağalar oğlu Mehdiyev; 1934 – 18.9.2003) Ağdam rayonunun Sarıhacılı kəndində doğulub.

25 dekabr 1935 – Xalq yazıçısı Yusif Səmədoğlu (Vəkilov; 1935 – 17.8.1998) anadan olub. “220 saylı otaq”, “Qalaktika” hekayələr toplusu, “Qətl günü” romanının müəllifidir. “Yeddi oğul istərəm”, “Qətl günü” filmlərinin ssenarisini yazıb. Milli Məclisin deputatı (1995-1998) olub.

25 dekabr 1941 – Xalq artisti Zemfira Məmmədəli qızı Əliyeva (1941 – 16.11.1995) Şəmkir rayonunun Morul kəndində doğulub. Gəncə və Naxçıvan teatrlarında, Milli Dram Teatrında çalışıb, filmlərdə çəkilib.

25 dekabr 1954 – Əməkdar incəsənət xadimi, şair Ağalar Həmzə oğlu Mirzə (1954 – 5.3.2008) Şabran rayonunda doğulub. Azərbaycan Televiziyasında şifahi xalq yaradıcılığına aid verilişlərin müəllifi olub.

25 dekabr 2016 – Xalq artisti, tanınmış xanəndə Ağaxan Minaxan oğlu Abdullayev (6.2.1950 – 2016) vəfat edib.

25 dekabr 2021 –  İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Məmməd Eldəniz oğlu Zeynalov (1978-2021) vəfat edib.

 

26 dekabr 1910 – Yazıçı Yusif Şirvan (Yusif Əsgər oğlu Əsgərov; 1910-1979) Şamaxıda anadan olub. Əsərləri: “Şəfəq”, “Buludlar dağılır”, “Məzunlar” (romanlar), “Sularda yanğın”, “Ömür çiçəklənir” (povestlər) və s. Rus dilindən tərcümələr edib.

26 dekabr 1919 – Xalq artisti, rəqqasə Əminə Paşa qızı Dilbazi (1919 – 30.4.2010) Qazaxda anadan olub. “Çinar”, “Sevinc” qızlar ansambllarını yaradıb. 1949-cu ildən Bakı Xoreoqrafiya Məktəbində dərs deyib. “O olmasın, bu olsun” filmində çəkilib. “Ulduz”, “Arşın mal alan” (1965) filmlərində rəqslərə quruluş verib.

26 dekabr 1950 – Xalq artisti Nuriyyə Əliağa qızı Əhmədova (1950 – 10.10.2015) Şəkidə anadan olub. Musiqili Komediya Teatrında çalışıb, “Bəxt üzüyü”, “Həm ziyarət, həm ticarət”  və s. filmlərdə çəkilib. 

 

27 dekabr 1897 – Xalq artisti Yuzef Davidoviç Çarski (Tanxelson; 1897-1948) Tiflisdə doğulub. Dövlət Rus Dram Teatrının aktyoru (1928-ci ildən) olub.

27 dekabr 1912 – Əməkdar incəsənət xadimi, kinorejissor Zeynəb Talıb qızı Kazımova (1912 – 25.9.1984) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında bir sıra filmlərin (“Fətəli xan”, “Telefonçu qız”) 2-ci rejissoru olub, sənədli filmlərə quruluş verib.

27 dekabr 1932 – Xalq artisti, tanınmış bəstəkar Oqtay Kazımi (Oqtay Məmməd oğlu Kazımov; 1932 – 9.8.2010) Astara şəhərində doğulub. 200-dək mahnının, tamaşalara musiqinin, “Şəhidlər” simfoniyası, “Hophopnamə” oratoriyası və s. əsərlərin müəllifidir.

27 dekabr 1934 – Xalq rəssamı, heykəltəraş, Dövlət mükafatları laureatı İbrahim İsmayıl oğlu Zeynalov (1934 – 6.3.2008) Bakıda doğulub. İmadəddin Nəsimi (T.Məmmədovla birgə), Şah İsmayıl Xətai (Z.Mehdiyevlə birgə) və b. görkəmli şəxsiyyətlərin abidələrinin həmmüəllifidir. Milli İncəsənət Muzeyinin direktoru işləyib.

27 dekabr 1938 – Xalq artisti Səfurə Ağabala qızı İbrahimova (1938 – 21.12.2020) Bakıda anadan olub. Milli Dram Teatrında çalışıb. “Sevil”, “Arşın mal alan”, “Alma almaya bənzər”, “Dərviş Parisi partladır”, “Qayınana” və s. filmlərdə çəkilib.

27 dekabr 1990 – Xalq artisti, tanınmış xanəndə Əbülfət Əsəd oğlu Əliyev (30.12.1926 – 1990) vəfat edib.

27 dekabr 2021 – Əməkdar artist, aktyor, rejissor Zilli Yunus oğlu Namazov (15.10.1951 – 2021) vəfat edib.

 

Dünya

 

24 dekabr 1798 – Polyak şairi Adam Miskeviç (Adam Bernard Mickiewicz; 1798 – 26.11.1855) anadan olub.

24 dekabr 1867 – Türk şairi Tofiq Fikrət (Mehmet Tevfik Fikret; 1867-1915) İstanbulda doğulub.

24 dekabr 1906 – İngilis yazıçısı, detektiv əsərlər müəllifi Ceyms Hedli Çeyz (James Hadley Chase – Rene Brabazon Raymond; 1906-1985) anadan olub.

 

25 dekabr 1813 – Alman şairi Fridrix Vilhelm Veber (Friedrich Wilhelm Weber; 1813-1894) anadan olub.

25 dekabr 1977 – Dünya şöhrətli ingilis aktyoru, rejissor, ssenarist Çarli Çaplin (Charles Spencer Chaplin; 16.4.1889  – 1977) vəfat edib.

 

26 dekabr 1891 – Amerika yazıçısı və rəssamı Henri Miller (Henry Valentine Miller; 1891-1980) anadan olub.

 

27 dekabr 1901 – Alman aktrisası, müğənni Marlen Ditrix (Marlene Dietrich – Marie Magdalene Dietrich; 1901 – 6.5.1992) anadan olub.

Hazırladı: V.Orxan