Parisdəki Luvr Muzeyinin “Karusel” (“Carrousel”) qalereyasında ənənəvi “Art Shopping” incəsənət festivalı təşkil edilib. 31 mart – 2 aprel tarixlərində gerçəkləşən festivalda ölkəmiz Heydər Əliyev Fondun təşkilatçılığı və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə yaradılan pavilyonla təmsil olunub. Azərbaycan incəsənət nümayəndələrinin əsərləri fransız, eləcə də müxtəlif ölkələrdən sənətsevərlərin diqqət mərkəzində olub.

Pavilyonun təqdimatında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, “Carrousel” qalereyasının direktoru Miryam Annone Kastane (Myriam Annonay Castanet) və qalereyanın kommersiya direktoru Stefan dö Boyson (Stephane de Boysson) çıxış ediblər.

Miryam Annone Kastane Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu bildirib, Heydər Əliyev Fonduna “Art Shopping” salonu ilə əməkdaşlıq təşəbbüsünə, heykəltəraş Elvin Nəbizadəyə və rəssam Anar Hüseynzadəyə möhtəşəm əsərlərinə görə təşəkkür edib.

Səfir Leyla Abdullayeva Avropa və Asiya arasında yerləşən Azərbaycanın zəngin mədəni irsindən söz açıb, ölkəmizin mədəniyyətinin beynəlxalq səviyyədə tanınması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi böyük layihələrdən danışıb. Bildirib ki, məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə iki azərbaycanlı incəsənət nümayəndəsinin əsərləri “Art Shopping” festivalında nümayiş olunur.

Stefan dö Boyson Azərbaycanın müasir incəsənətindən söz açaraq, Bakıya səfərindən danışıb. Ölkəmizdə sənətə yüksək qiymət verildiyini bildirərək, istedadlı azərbaycanlı rəssamlar, nadir müasir incəsənət əsərləri haqqında məlumat verib.

Azərbaycan pavilyonunun ziyarətçiləri heykəltəraş Elvin Nəbizadənin 2017-ci ildə Venesiya Biennalesi üçün yaratdığı və Heydər Əliyev Fondu tərəfindən Luvrdakı “Art Shopping” festivalında nümayiş olunmaq üçün seçilmiş “Bir günəş altında” adlı müasir instalasiyasını heyranlıqla seyr ediblər.

Müəllif ziyarətçilərin suallarına cavab olaraq bildirib ki, göy qurşağı formasında 44 sazdan ibarət instalyasiya Azərbaycanda multikulturalizmin – ölkədə yaşayan müxtəlif millətlərin və xalqların birliyinin, onlara qarşı tolerantlıq və hörmətin simvoludur.

Azərbaycan pavilyonunun ziyarətçiləri rəssam Anar Hüseynzadənin tablolarını seyr ediblər. Xarici ziyarətçilər azərbaycanlı rəssamın əsərləri vasitəsilə qədim İçərişəhər, onun özünəməxsus dar küçələri, doğma Abşeronla tanış olublar.

A.Hüseynzadənin simvolizm qrupundan olan rəsm əsərləri qeyri-adi yanaşmada olan natürmort və portretlərlə təqdim olunur. Onun “Kosmos” seriyasından olan əsərləri ilk dəfə bu salonda tamaşaçılara təqdim olunub.

Qeyd edək ki, Azərbaycanın “Carrousel Art Shopping” festivalında iştirakı çərçivəsində instaqram sosial şəbəkəsində “Fransada Azərbaycan müasir incəsənəti” mövzusuna həsr olunmuş səhifə yaradılıb. Həmçinin rəssam Anar Hüseynzadə tərəfindən ustad dərsləri keçirilib.