“Heydər Əliyev İli” çərçivəsində uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və bədii zövqünü inkişaf etdirmək məqsədilə elan edilən “Azərbaycanım” VI Respublika Uşaq Rəsm Festivalı çərçivəsində eyniadlı müsabiqəyə  rəsm qəbulu davam edir.

Yaşı 21-ə qədər şəxslər aprelin 25-dək rəsm əsərini fotosu ilə bərabər əsərin adı, öz adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini resmfestival2023@gmail.com ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər.

Builki müsabiqənin mövzusu güllərdir. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək. Ölçü və texnika seçimi sərbəstdir.

Seçim 3 yaş kateqoriyası (11 yaşa qədər, 11-16 və 16-21 yaş) üzrə aparılacaq və hər yaş kateqoriyası üçün ayrıca sərgi açılacaq.

Birinci turdan keçmiş əsərlər sərgilənmək üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq. Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət ediləcək. Sərgilər Xətai Sənət Mərkəzində təşkil olunacaq.

Əlavə suallarla bağı 051 310 74 01 telefonu (WhatsApp) ilə əlaqə saxlamaq olar.

Qeyd edək ki, festival və müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.